AMEA-nın Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin (Université de Montpellier) alimləri - professor Fransua Henn və gənc tədqiqatçı Adrien Novrinin iştirakı ilə elmi seminar təşkil olunub.
Əvvəlcə institutun aparıcı elmi işçisi, AMEA-nın professoru Rasim Cabbarov çıxış edərək AMEA ilə Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsini xatırladıb. Bildirib ki, əməkdaşlıq haqqında saziş çərçivəsində iki qurum arasında səmərəli kadr və təcrübə mübadiləsi həyata keçirilir.
R.Cabbarov qeyd edib ki, bugünkü seminarda fransalı qonaqlar Monpelye Universitetində aparılan elmi tədqiqatlar barədə iştirakçılara məlumat verəcəklər. Həmçinin verilmiş müvafiq elana əsasən, Monpelye Universitetində fəlsəfə doktorluğu üzrə təhsil almaq üçün müraciət edən namizədlər arasında fransalı alimlərin iştirakı ilə seçimlər aparılacaq.
Tədbirdə Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov dünya elminin tələblərinə cavab verən isiqamətlərdə birgə araşdırmaların aparılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, əməkdaşlıqda əsas məqsəd yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq, gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaq, həmçinin respublikamızın bacarıqlı mütəxəssislərə və elmi kadrlara artan tələbatını artırmaqdır.
Daha sonra fransalı alimlərin məruzələri dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.
Sonda qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə tanış olub, burada aparılan tədqiqat işləri barədə məlumatlandırılıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.