Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

24.09.2019 15:36
  • A-
  • A
  • A+

“Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirilib

“Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirilib

Sentyabrın 24-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda bu qurumun və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov açaraq dəyirmi masanın iki qurum arasında cari ildə imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən baş tutduğunu söyləyib. Qeyd edib ki, 2019-2022-ci illəri əhatə edən müqavilə çərçivəsində bir sıra əhəmiyyətli tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Dəyirmi masanın mövzusuna da toxunan X.Zeynalov Azərbaycanın mədəniyyətlərarası dialoqa daim önəm verdiyini, ölkəmizin beynəlxalq arenada multikultural dövlət kimi tanındığını söyləyib.

Sonra ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Məryəm Əlizadə çıxış edərək mədəniyyətlərarası dialoqun qurulmasında və mədəni irsin qorunmasında ünsiyyətin mühüm rol oynadığını bildirib, bu səpkidə post-sovet ölkələri və Türkiyə ilə sıx əməkdaşlıq etdiklərini deyib.

2008-ci ildən mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə “Bakı Prosesi”nin başladığını deyən M.Əlizadə ölkəmizdə ardıcıl olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirildiyini diqqətə çatdırıb. O, atılan bu addımlar nəticəsində Azərbaycan mədəniyyətinin beynəlxalq arenada tanıdıldığını, ölkəmizin tarixi abidələrinin UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulayıb.

Tədbirdə, həmçinin Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayeva, müəssisənin aparıcı elmi işçiləri, dosentlər - Samirə Mir-Bağırzadə, Qorxmaz Əlilicanzadə, ADMİU-nun kafedra müdirləri, kulturologiya üzrə fəlsəfə doktorları - Xaləddin Sofiyev, Sədaqət Əliyeva və digərləri çıxış edərək ölkəmizin multikultural dəyərlərindən, mədəniyyətlərarası dialoqa verdiyi töhfədən, sivilizasiyalararası münasibətlərin aktuallığından, tarixi irsimizin qorunmasından və dünyada təbliğindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: