Oktyabrın 14-də Geologiya və Geofizika İnstitutunda AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev, AHİ-nin Məclis üzvləri, akademiyanın elmi müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri və həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.
Əvvəlcə görkəmli şərqşünas alim, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Vasim Məmmədəliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib, rəhbərlik etdiyi qurumun 2019-cu ildə gördüyü işləri diqqətə çatdırıb. Bildirib ki, ötən dövr ərzində akademiya əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçirilib, mütəmadi ərzaq yarmarkaları təşkil olunub, teatrlara, istirahət düşərgələri və sanatoriyalara göndərişlər verilib, aztəminatlı ailələrə ərzaqlar paylanılıb. Bundan əlavə, o, 20 Yanvar faciəsi və Xocalı soyqırımına, Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə və s. həsr olunan silsilə tədbirlərin keçirildiyini qeyd edib.
H.Qurbanov cari ildə əməkdaşların asudə vaxtlarını səmərəli keçirmələri üçün Akademiya Şəhərciyinin həyətində AHİ-nin maliyyə dəstəyi ilə hazırlanan voleybol və basketbol meydançasının istifadəyə verildiyini söyləyib. O, bu idman növlərinin 2020-ci ildə AMEA-nın ilk təşkilatları arasında keçiriləcək III Spartakiadaya salınmasının nəzərdə tutulduğunu vurğulayıb.
AHİ sədri, həmçinin AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılmasının planlaşdırıldığını bildirib.
İclasda daha sonra AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev Xızı Dayaq Məntəqəsində akademiya əməkdaşlarına paylanılan torpaq sahələrindən istifadəyə nəzarətin gücləndirilməsi barədə çıxış edib. Bildirib ki, akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkili məqsədilə AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsi ayrılıb. O, ərazidə aparılan işlərin Rəyasət Heyətinin iclasında təsdiqlənmiş "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənədə əsasən həyata keçirildiyini deyib. Diqqətə çatdırıb ki, ötən müddət ərzində ərazidə xəritələnmə işləri aparılaraq torpaqlar paylanılıb, giriş yolu salınıb, su quyuları qazılıb, müəyyən hasarlanma işləri həyata keçirilib. Hazırda ərazidə relyefə uyğun ağacların əkilməsi planlaşdırılır.
S.Əliyev mövcud çatışmazlıqlardan da bəhs edərək, elmi müəssisə və təşkilatların ümumi işlər üzrə direktor müavinlərini problemlərin həllinə dəstək verməyə çağırıb.
Daha sonra çıxış ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
İclasda, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin, Yüksək Texnologiyalar Parkının və "Elm" Nəşriyyatının həmkarlar təşkilatlarında seçilmiş yeni sədrlərin Məclisə üzvlüyü təsdiqlənib.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.