Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.10.2019 16:30
  • A-
  • A
  • A+

AMEA-nın Tarix İnstitutu Çinin Dünya Tarixi İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA-nın Tarix İnstitutu Çinin Dünya Tarixi İnstitutu ilə əməkdaşlıq edəcək

Oktyabrın 14-də AMEA-nın Əsas binasında Tarix İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Tarix İnstitutunun alimləri və Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Mərasimdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək rəhbərlik etdiyi müəssisənin Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib. Qədim İpək Yolunun Şərq və Qərb sivilizasiyalarını, Çin ilə Aralıq dənizi arasındakı mədəniyyətləri bir-birinə bağladığını deyən alim Azərbaycan-Çin əlaqələrinin tarixi köklərindən danışıb. 

Tədbirdə ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoyduğu vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin Çinə dövlət səfərlərindən sonra bu əlaqələr daha da genişlənib. Eyni zamanda, çin mənbələrində Azərbaycan və onun şəhərləri, Xəzər dənizi barədə önəmli məlumatların olduğu diqqətə çatdırılıb. Bundan əlavə, tezliklə tarixçi alimlər - t.ü.f.d. Nərgiz Axundova və Xou Aytszyunun həmmüəllifi olduqları “Azərbaycan-Çin əlaqələri tarixindən” kitabının nəşr ediləcəyi bildirilib.

Professor V.Çaoquanq isə çıxışında Qədim İpək Yolunun xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyduğunu və iki ölkənin tarixi əlaqələrinin araşdırılmasında yeni faktları üzə çıxaracağını bildirib.

Daha sonra Tarix İnstitutu ilə Dünya Tarixi İnstitutu arasında hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması barədə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, bu mərkəzlərdə iki ölkə arasındakı qarşılıqlı əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq. Çinli alimlərin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri isə Çində nəşr olunacaq.

Sonda qonaqlara İrəvan xanlığının, Qarabağın və Naxçıvanın tarixinə həsr olunan kitablar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: