Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

28.10.2019 09:27
  • A-
  • A
  • A+

“Nəsimi ili” çərçivəsində keçirilən ədəbi-bədii məclisdə ustad şairin zəngin yaradıcılıq irsindən danışılıb

“Nəsimi ili” çərçivəsində keçirilən ədəbi-bədii məclisdə ustad şairin zəngin yaradıcılıq irsindən danışılıb

Kürdəmir Regional Mədəniyyət İdarəsi AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı ilə birlikdə “Nəsimi ili” çərçivəsində Nəsimi qəzəllərinin müsabiqəsi, “Nəsimi sözünün qüdrəti” adlı elmi-praktik konfrans, “Nəsimi şagirdlərin gözü ilə” praktik seminar silsilə tədbirlərindən sonra yubileyin yekunu kimi İmişli rayon Mədəniyyət Mərkəzində ədəbi-bədii məclis keçirib.

Tədbiri İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev açaraq bədii və fəlsəfi fikir tarixində dərin iz qoyan mütəfəkkir şair Seyid İmadəddin Nəsiminin zəngin irsi barədə danışıb.

Sonra muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında Sərəncamına əsasən keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, klassik Azərbaycan ədəbiyyatının ustad şairi İmadəddin Nəsiminin sənətkarlıq xüsusiyyətlərindən bəhs edib. 

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva öz çıxışında Allahla təbiətin, idrakla eşqin vəhdəti prinsipindən çıxış edən, öz dünyagörüşü və ideologiyasını füsunkar şeir dili ilə yayan ustad şairin şəxsiyyət və obrazlar aləmi barədə fikirlərini bölüşüb.

Daha sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Şəfəq Əlibəyli Nəsiminin farsca “Divan”ının özəllikləri haqqında ətraflı məlumat verib.

Ədəbi-bədii gecədə Əməkdar mədəniyyət işçiləri Aşıq Ağamurad Şirvanlı, Rasim Ələsgərov, gənc muğam ifaçısı Nisbət Sədrayeva, xanəndə Elbrus Niftəliyev, Altay Niftəliyev, Araz Ağaverdiyev, qiraətçi Hacı Fərəc Əliyev, eləcə də şagirdlər arasında Nəsimi qəzəllərinin ifası ilə əlaqədar keçirilən müsabiqənin qalibləri, Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən teatrın və İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşları çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: