Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan neft sənayesinin tarixində xüsusi yer tutan “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə “Azərbaycanın neft salnaməsi” kataloqunun təqdimatı və eyni adlı sərginin açılış mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirdi ki, sentyabrın 20-də dünyanın 8 ölkəsinin iştirakı ilə imzalanmış “Əsrin müqaviləsi”nin 20-ci ili tamam olur. Sözügedən müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayənin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.
“Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş kitab-kataloq haqqında ətraflı məlumat verən N.Vəlixanlı kataloqun muzeyinin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlandığını nəzərə çatdırdı. Bildirdi ki, dörd tematik bölmədən ibarət kataloqda Azərbaycanda neft hasilatı və emalının tarixi barədə məlumat verilir, 1000-dək unikal eksponatın fotoşəkli təqdim olunur. Azərbaycan və rus dillərində nəşr olunan kataloqun “BP-Azərbaycan” şirkətinin maliyə dəstəyi ilə çapdan çıxdığını söyləyən akademik “Neft Daşları”, “Əsrin müqaviləsi” kimi böyük layihələrlə bağlı materiallara kataloqda xüsusi yer ayrıldığını vurğuladı.
Mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə “Əsrin müqaviləsi”nin imzalandığı gündən etibarən neft sahəsində əldə olunan uğurlardan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan elminin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti nəticəsində bu gün neft Azərbaycan xalqının rifahına xidmət edərək, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib.
Qeyd etdi ki, “Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür”.
Çıxışının sonunda A.Əlizadə sərginin materiallarının noyabrın 20-də Çexiya Respublikasında açılacaq Azərbaycanla bağlı beynəlxalq sərgidə də nümayiş olunacağını vurğuladı.
Tədbirdə çıxış edən AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və ARDNŞ-ın Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev “Əsrin müqaviləsi”nin Azərbaycan elminin inkişafına verdiyi dəyərli töhfələrindən söz açdılar.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.
Sərgidə Azərbaycanın neft tarixi ilə bağlı 600-dək eksponat, Xalq Rəssamı Maral Rəhmanzadənin “Neft” silsiləsindən olan və hələ 1947-ci ildə hazırladığı 10 orijinal litoqrafiya və digər materiallar nümayiş etdirildi.
Qeyd edək ki, sərgi 2015-ci il yanvar ayının 15-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.