Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.11.2019 15:27
  • A-
  • A
  • A+

Muzeydə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu ilə görüş keçirilib

Muzeydə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu ilə görüş keçirilib

Noyabrın 1-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıqın kötükcəsi, hazırda Fransda yaşayan və ixtisasca tarixçi olan Alban Klod ilə görüş keçirilib. Görüşdə muzeyin əməkdaşları, Hacı Zeynalabdin Tağıyevin Bakıda yaşayan qohumları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisənin yaranma tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, ilk dövlət muzeyi olan bu mədəniyyət ocağı böyük xeyriyyəçi, görkəmli ictimai xadim Hacı Zeynalabdin Tağıyevin sarayında fəaliyyətə başlayıb, ilk ziyarətçilərini 1921-ci ilin mayında qəbul edib.

"Tariximizin önəmli səhifələrində iz qoymuş Azərbaycan milyonçusu H.Z.Tağıyevin nəslinin davamçılarını onun yaşadığı mülkdə görmək bizim üçün böyük şərəfdir" - deyən N.Vəlixanlı muzeyin fəaliyyət istiqamətlərindən birinin Hacı Zeynalabdin Tağıyevin xalqımız üçün gördüyü işləri, onun həyat yolunu araşdırmaq olduğunu bildirib. Qeyd edib ki, muzeydə böyük xeyriyyəçinin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar toplanılıb. Alimin sözlərinə görə, Hacı Zeynalabdin Tağıyevin fəaliyyətinin öyrənilməsi Azərbaycan tarixinin öyrənilməsi deməkdir. Çünki Azərbaycan tarixinin böyük bir hissəsi bu məşhur mesenatın fəaliyyəti ilə bağlıdır.

Muzeyin direktoru Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyətindən bəhs edərək, onun xatirəsinin əbədi olaraq xalqımızın yaddaşında yaşayacağını bildirib.

Babasının evində olmaqdan məmnunluğunu ifadə edən Alban Klod görüşə görə muzeyin rəhbərliyinə minnətdarlığını bildirib. O, nənəsi Zərrintac xanımın Parisdə çətinliklərlə dolu mühacir həyatından danışıb. Bildirib ki, Zərrintac Tağıyeva Bakıdan sürgün edildikdən sonra Fransaya gedib və ömrünün sonuna qədər orada yaşayıb.

Ölkəmizə ilk dəfə gəldiyini deyən A. Klod növbəti səfərində H.Z.Tağıyev nəsli ilə bağlı onda olan sənədləri muzeyə təqdim edəcəyini vurğulayıb.

Daha sonra böyük xeyriyyəçinin digər qohumları çıxış edərək Alban Klodu tanımaqdan məmnun olduqlarını bildiriblər.

Sonda N.Vəlixanlı Hacı Zeynalabdin Tağıyevin həyatına və xeyriyyəçilik fəaliyyətinə həsr olunmuş kitab-albom və kataloqları qonağa hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: