AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) bir neçə dövlət qurumu, xüsusilə AR Dövlət Sərhəd Xidməti və AR Müdafiə Nazirliyi ilə birgə layihələr həyata keçirir.
Aidiyyəti dövlət qurumlarının müvafiq rəyinə əsasən, SETM-də aparılan müdafiə və milli təhlükəsizlik təyinatlı dövlət əhəmiyyətli bir neçə elmi tədqiqat işləri üzrə son hazır nümunələrin (hərbi təyinatlı məmulatların) Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.
Bununla əlaqədar olaraq, hərbi sahəyə elmi tədqiqat işlərinin tətbiqi istiqamətində xidmətlərinə görə SETM-in əməkdaşları təltif ediliblər. Belə ki, Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən, SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM-in 1 nömrəli Elmi tədqiqat laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov və həmin laboratoriyanın baş mütəxəssisi Namiq Heydərov “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.