Noyabrın 14-də Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın İctimai, Biologiya və Tibb Elmləri, həmçinin Gəncə və Naxçıvan bölmələrinin Gənc Alim və Mütəxəssislər şuralarının cari ilin yekunlarına həsr olunan hesabatları dinlənilib.
İclası GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq hesabat ilində rəhbərlik etdiyi şuranın elmi-ictimai fəaliyyətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Qeyd edib ki, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, Azərbaycan gəncliyinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, gənc mütəxəssislərin dünya elminə inteqrasiyası, eləcə də onların sosial şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində çoxşaxəli işlər görülüb. F.Salmanov diqqətə çatdırıb ki, cari ildə gənc alimlər yerli və beynəlxalq qrant layihələrdə uğurla iştirak edib, xarici həmkarları ilə birgə tədqiqatlar aparıb, elmi nəticələrini impakt faktorlu jurnallarda dərc etdiriblər.
Sonra iclasda GAMŞ-ın Biologiya və Tibb Elmləri Bölməsinin katibi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Mehvalıyeva, İctimai Elmlər Bölməsinin katibi Sevinc Nəsirova, Gəncə Bölməsinin katibi Elnur Həsənov və Naxçıvan Bölməsinin katibi Nərgiz İsmayılova hesabatlarını təqdim ediblər.
Bölmə katibləri il ərzində ölkə başçısının sərəncamlarından, AMEA Rəyasət Heyətinin qərarlarından irəli gələn tapşırıqlar, keçirilən konfrans və elmi seminarlar, nəşr olunan kitab və monoqrafiyalar, o cümlədən impakt faktorlu jurnallarda işıq üzü görən məqalələr, qrant layihələrdə, beynəlxalq tədbirlərdə iştirak, kadr məsələləri və əldə olunan mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat veriblər.
Daha sonra AMEA GAMŞ-ın idarə heyətinin üzvləri - kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Eşqanə Babayeva və digərləri çıxış edərək hesabatlarla bağlı fikir və təkliflərini bildiriblər.
Sonda təqdim olunan hesabatlar GAMŞ tərəfindən qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.