BMT Baş katibinin Humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, eləcə də Küveyt Əmirinin Humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuq AMEA-nın Tarix İnstitutunun fəxri doktoru diplomu ilə təltif olunub.
Görkəmli ictimai xadim Abdullah Mətuq Əl-Mətuq bu fəxri ada Azərbaycan-Küveyt dostluq əlaqələrinin inkişafında və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda müdafiəsindəki böyük xidmətlərinə görə layiq görülüb.
Diplom noyabrın 15-də AMEA-nın Tarix İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında ictimai xadimə təqdim olunub.
Mərasimdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, ölkəmizin xarici siyasətində İslam dövlətləri mühüm yer tutur və bu gün Azərbaycanla Küveyt arasında dost və qardaş münasibətləri var. Müasir Ermənistan Respublikasının ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu deyən Y.Mahmudov Cənubi Qafqazda ilk dəfə erməni dövlətinin 1918-ci ildə yaradıldığını diqqətə çatdırıb. O, erməni vandallarının İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi dağıtdığını xatırladıb, hazırda bu siyasətin işğal altında olan Qarabağda davam etdirildiyini söyləyib.
Akademik bu gün elmi müəssisənin İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunan nəşrlərinin türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və s. dillərdə işıq üzü gördüyünü, fundamental əsərlərlə erməni saxtakarlığına sarsıdıcı zərbə vurulduğunu bildirib: “Prezident İlham Əliyev bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb”.
Abdullah Mətuq Əl-Mətuq isə öz növbəsində bildirib ki, bu gün Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində beynəlxalq arenada bəyan və müdafiə edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.