Azərbaycan Milli Elmlər Akademiyasının və Elm və Təhsil Nazirliyinin rəhbərliyi və nümayəndələri Qarabağda Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən ilk insan məskənlərindən biri olan Azıx mağarasını ziyarət edib, burada beynəlxalq ekspedisiya tərəfindən aparılan arxeoloji qazıntı işləri tanış olublar.
Əvvəlcə qazıntı sahələrindən tapılmış eksponatlara və onların ilkin laborator analizlərinə baxış keçirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ETN Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman və başqaları Azıx mağarasında aparılan qazıntı yerlərini gəzib və aparılan tədqiqatlar barədə ətraflı məlumat alıblar.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Azıx beynəlxalq ekspedisiyasının rəhbəri, Almaniyada fəaliyyət göstərən Leiza İnstitutunun Traceologiya və Nəzarətli Eksperimentlər Laboratoriyasının (TraCEr) müdiri João Marreiros, Azıx ekspedisiyasının rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi və Qarabağ Universitetinin nəzdində fəaliyyət göstərən Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Əjdər Babazadə Azıx mağarası tədqiqatlarının tarixi, 2023-cü ildən fəaliyyətə başlayan beynəlxalq ekspedisiyanın fəaliyyəti, ərazidən tapılan maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat veriblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azıx beynəlxalq ekspedisiyasının üzvləri ilə son illərdə AMEA Rəyasət Heyətində keçirilən görüşlərindən danışaraq, bu il arxeoloji qazıntılarda iştirak edən xarici ölkə alimlərinin tərkibinin genişləndirildiyini və mühüm elmi nəticələrin əldə edildiyini bildirib. Elm tarixində ilk dəfə olaraq Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyən edilib və ikinci girişdən daxil olmaqla mağaranın yeni istiqamətdə tədqiqinə başlanılıb. Aparılan tədqiqatların nəticələrini əks etdirən elmi məqalələrin dünyanın nüfuzlu elmi jurnallarında çap edilməsinin əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli birgə elmi ekspedisiyaların elm və təhsil sahəsində inteqrasiyanın genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova birgə elmi ekspedisiyanın işində ali məktəblərin müəllimləri və tələbələrinin iştirakının faydalı olduğunu qeyd edib, təkliflərini nəzərə çatdırıblar.
Azıx beynəlxalq arxeoloji ekspedisiyasının həmrəhbəri João Marreiros Avropa ölkələrində Azıx mağarasına bənzər qədim tarixə, böyük əraziyə və çoxqatlı mədəni təbəqəyə malik insan düşərgəsinə rast gəlinmədiyini bildirib, aparılan tədqiqatların dünya elmi üçün də əhəmiyyətli olduğunu ifadə edib.
Sonda beynəlxalq ekspedisiyanın üzvləri ilə xatirə şəkilləri çəkdirilib, arxeoloqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 2023-cü ildən fəaliyyət göstərən Azıx beynəlxalq arxeoloji ekspedisiyasının işinə Azərbaycan alimləri ilə yanaşı, Almaniya, Portuqaliya, ABŞ, Danimarka, Türkiyə, İngiltərə, Polşa, Yunanıstan, Slovakiya, Pakistan, Fransa kimi ölkələrdən də tədqiqatçılar cəlb edilib. Eyni zamanda, Qarabağ Universiteti, Azərbaycan Dillər Universiteti, İngiltərənin Oksford Universiteti və Portuqaliaynın Algarve Universitetinin tələbə və mütəxəssisləri də ilk gündən qazıntı işləri və tədqiqatlarda yaxından iştirak edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.