Son illərdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Monqolustanın arxeoloji elmi müəssisələri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Ayrı-ayrı alimlərin elmi təmasları ilə yanaşı, tədqiqat institutları səviyyəsində də sistemli əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılır.
AMEA Arxeologiya və Antropologiya İnstitutundan açıqlamasında bildirilib ki, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və Türk Dövlətləri Təşkilatı Katibliyinin dəstəyi ilə yaradılmış Türk Dünyası Arxeoloji Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyası – ARICA xüsusi əhəmiyyət daşıyır.
Assosiasiyanın yaradılması Türk dünyasının arxeoloji irsinin kompleks şəkildə öyrənilməsi, mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə elmi layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradıb.
ARICA-nın Şuşada keçirilən ilk rəsmi toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Monqolustanın aparıcı arxeoloji müəssisələrinin nümayəndələri iştirak ediblər. Görüşdə birgə arxeoloji ekspedisiyaların təşkili, ortaq elmi problemlərin araşdırılması və müxtəlif ölkələrin elmi təcrübəsinin birləşdirilməsi məsələləri müzakirə olunub. Toplantının yekununda Türk dünyasının arxeoloji irsinin tədqiqi və qorunması üzrə əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib. Assosiasiyanın Ankara və Qaziantepdə keçirilən ikinci toplantısı isə bu əməkdaşlığın davamlı elmi platformaya çevrilməsi baxımından mühüm mərhələ olub. Daha sonra Macarıstanın Buğaç şəhərində keçirilən üçüncü iclasda əməkdaşlığın konkret birgə layihələr vasitəsilə genişləndirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Görüş zamanı mütəxəssislərin müxtəlif ölkələrdə yerləşən prioritet arxeoloji abidələrdə birgə çöl tədqiqatları, qazıntılar, sənədləşdirmə və elmi təhlillər aparmasını nəzərdə tutan “ARICA Beynəlxalq Proqramı”nın yaradılması müzakirə edilib.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də rəqəmsal arxeologiyanın inkişafıdır. Türk dünyasının mühüm arxeoloji abidələri haqqında məlumatları bir araya gətirəcək elektron arxeoloji atlasın və vahid rəqəmsal məlumat bazasının yaradılması ilə bağlı razılıq əldə olunub. Bazada abidələrin koordinatları, xronologiyası, təsviri, fotoşəkilləri, planları və əsas elmi nəşrləri barədə məlumatların toplanması nəzərdə tutulur. Perspektiv tədqiqat istiqamətləri sırasında Böyük İpək Yolunun şəhərləri, erkən türk dövrü abidələri, qədim suvarma sistemləri, Avrasiyanın köçəri mədəniyyətləri və orta əsr istehsal mərkəzlərinin öyrənilməsi xüsusi yer tutur.
Bu təşəbbüslər Türk dünyasının arxeoloji irsinin vahid elmi yanaşmalar əsasında araşdırılması, məlumatların rəqəmsal mühitdə birləşdirilməsi və beynəlxalq səviyyədə birgə tədqiqatların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.