23–27 avqust 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Harbin Mühəndislik Universitetinin təşkilatçılığı ilə Harbin və Qingdao şəhərlərində “xüsusi gəmilər və intellektual sistemlər” istiqamətinə həsr olunmuş West Asia & Eastern Europe Talent Exchange Forum keçirilib.
Forumda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun əməkdaşları Mürəkkəb proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının müdiri, r.ü.f.d., dosent Ədalət Paşayev və Robototexnika laboratoriyasının müdiri, t.ü.f.d. Rüstəm Əzimov “Applying mathematical modeling and intelligent systems in ship control and other industries: successful experiences” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzədə Riyaziyyat İnstitutunda həyata keçirilən, gəmi sənayesi, riyazi modelləşdirmə və intellektual sistemlərin tətbiqi ilə bağlı elmi-tədqiqat və elmi-tətbiqi işlər barədə ətraflı məlumat verilib.
Forumun mühüm nəticələrindən biri müxtəlif ölkələrin akademik və elmi müəssisələrinin iştirakı ilə Xüsusi Gəmilər və İntellektual Sistemlər üzrə Beynəlxalq Alyansın (Special Ships and Intelligent Systems International Alliance) yaradılması olub. Azərbaycan, Çin, Belarus, Ukrayna, Moldova və digər ölkələrin elmi müəssisələrinin təmsil olunduğu alyansa Riyaziyyat İnstitutu institusional üzv kimi qəbul edilib. Eyni zamanda, institutun əməkdaşı, r.ü.f.d., dosent Ədalət Paşayev alyansın Şura üzvü təyin olunub.
Forum iştirakçıları Harbin Mühəndislik Universitetinin robototexnika istiqamətində fəaliyyət göstərən laboratoriyaları ilə tanış olub, həmçinin bir sıra sənaye müəssisələrinə təşkil olunan ekskursiyalarda iştirak ediblər. Səfər çərçivəsində robototexnika, intellektual sistemlər və müasir mühəndislik texnologiyalarının tətbiqi üzrə həyata keçirilən layihələrlə tanışlıq baş tutub.
Bununla yanaşı, forum çərçivəsində Ukrayna, Belarusun elmi-tədqiqat müəssisələri, o cümlədən Odesa Milli Dəniz Universiteti, habelə digər akademik qurumlarla Riyaziyyat İnstitutu arasında elmi-tətbiqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Forumda iştirak Riyaziyyat İnstitutunun beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, riyazi modelləşdirmə, robototexnika və intellektual sistemlər sahəsində əldə olunan elmi nəticələrin beynəlxalq platformalarda təqdim olunması, eləcə də yeni elmi-tətbiqi tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.