Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

18.11.2019 12:21
  • A-
  • A
  • A+

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat  İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin nəticəsi Martin Cavanşiri və Przemislav Cavanşiri Bakıya gəliblər.

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları noyabrın 17-də akademik İsa Həbibbəyli ilə görüşüblər. Görüşdə qonaqlara böyük demokrat yazıçının zəngin ədəbi-bədii yaradıcılığı, Azərbaycanda dövlət səviyyəsində onun şəxsiyyətinə və irsinə göstərilən yüksək ehtiramdan bəhs olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyi  diqqətə çatdırılıb.

Görüş zamanı 1942-ci ildə Azərbaycandan getmiş Mirzə Cəlilin oğlu Ənvər Məmmədquluzadənin mühacirət həyatından və onun dünyanın müxtəlif ölkələrində yaşayan övladlarının və nəvə-nəticələrinin taleyindən də geniş söz açılıb.

Daha sonra akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarına babaları Cəlil Məmmədquluzadəyə həsr edilmiş kitabları və böyük yazıçının metal üzərində əllə döymə üsulu ilə işlənmiş portretini hədiyyə edib.

Polşadan gəlmiş qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi ilə tanış olub, həmçinin İçərişəhəri gəziblər.

Qonaqların Cəlil Məmmədquluzadənin ev muzeyinin yenidən qurulmasından sonra açılış mərasimində iştirak etmələri nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 ilik yubileyinin keçirilməsinə dair Sərəncamına əsasən Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyasının tədbirlər planına uyğun olaraq Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə təşkil ediləcək beynəlxalq elmi konfransda Martin Cavanşirinin çıxışı nəzərdə tutulur.

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə Azərbaycan Milli Elmlər Akademiyasında və Yazıçılar Birliyində də görüşlər keçiriləcək.

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Azərbaycanın bir qrup ziyalıları ilə birlikdə bu gün böyük demokrat yazıçının Fəxri xiyabandakı məzarını ziyarət edib, əklil qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: