Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.11.2019 14:16
  • A-
  • A
  • A+

Görkəmli dilçi alim Miryusif Mirbabayevin 130 illik yubileyi qeyd olunub

Görkəmli dilçi alim Miryusif Mirbabayevin 130 illik yubileyi qeyd olunub

Noyabrın 20-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda gökəmli dilçi alim Miryusif Mirbabayevin anadan olmasının 130 illiyi ilə bağlı dəyirmi masa keçirilib.

Tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu alimin həyatı və elmi fəaliyyətindən söz açıb. Qeyd edib ki, M.Mirbabayev ilk təhsilini İrəvandakı rus-tatar məktəbində və gimnaziyasında alıb, 1916-cı ildə Moskva Universitetinin Hüquq fakültəsini bitirib. Alim 1938-1941-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Lüğətlər İnstitutunda elmi katib vəzifəsində işləyib, 1945-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyasının yeni yaradılan Dilçilik İnstitutunun formalaşmasında mühüm rol oynayıb və bu elmi qurumun ilk direktoru seçilib.

M.Mirbabayevin “Azərbaycan dilinin erməni dilinə təsiri” mövzusunda fundamental dissertasiya işi yazdığını xatırladan akademik M.Nağısoylu onun bu əsərdə tarixi faktlarla erməni soyadlarının türk mənşəli olmasını sübuta yetirdiyini söyləyib. Bundan əlavə, 4 cildlik “Rusca-azərbaycanca lüğət”inə görə M.Mirbabayevin 1948-ci ildə ilk dilçi alim kimi “Stalin mükafatı”na layiq görüldüyünü bildirib.

Alimin yüksəkixtisaslı peşəkar kadrların hazırlanması istiqamətində mühüm xidmətlər göstərdiyini deyən M.Nağısoylu onun əsərlərinin yenidən nəşr ediləcəyini diqqətə çatdırıb.

Daha sonra filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin “Miryusif Mirbabayevin Azərbaycan lüğətçiliyinin inkişafında rolu”, filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Miryusif Mirbabayevin həyat və yaradıcılığı” və filologiya elmləri doktoru, professor Şəfəq Əlibəylinin “Miryusif Mirbabayevin “Farsca-Azərbaycanca-rusca lüğəti” haqqında” mövzusunda məruzələri dinlənilib.

Sonda alimin nəvəsi Miryusif Mirbabayev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: