Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2019 16:17
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Ədəbiyyat Muzeyində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 11-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan "Müstəqilliyimizin xilaskarı, müasir dövlətimizin qurucusu" mövzusunda elmi sessiya keçirilib.

Sessiya çərçivəsində ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgi də nümayiş olunub.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov "İstiqlal tariximizdə həmişə yaşayacaq ad" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikada birinci dəfə hakimiyyətə gələn zaman Azərbaycan SSRİ respublikaları sırasında iqtisadi göstəricilərinə görə sonuncu yerlərdə qərarlaşmışdı. Akademik ümummilli liderin zəngin dünyagörüşü və uzaqgörənliyi ilə qısa müddətdə taleyüklü məsələlərin həllindən bacarıqla gəldiyini, Azərbaycanın iqtisadiyyatında, sənayesində və kənd təsərrüfatında mühüm nailiyyətlər əldə olunduğunu bildirib. Diqqətə çatdırıb ki, ümummilli liderin qətiyyəti sayəsində respublikaya ayrılan dövlət büdcəsi artırılıb, eləcə də sovet cəmiyyəti üçün əhəmiyyət kəsb edən Bakı Məişət Kondisionerləri Zavodunun ölkəmizdə açılmasına nail olunub. Heydər Əliyevin hələ o illərdə müstəqil Azərbaycanın gələcəyi üçün təməllər atmağa başladığını deyən məruzəçi ulu öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin açıldığını, burada yetişdirilən peşəkar zabitlərin Azərbaycan ordusunun qurulmasında başlıca rol oynadığını vurğulayıb.

R.Hüseynov ümummilli liderin həmin illərdə Azərbaycanın ədəbiyyatına və mədəniyyətinə xüsusi diqqət yetirdiyini, şair və yazıçılarımızın yubileylərinin UNESKO səviyyəsində qeyd edildiyini, "Nəsimi", "Babək", "Dədə Qorqud" və digər milli filmlərin çəkildiyini xatırladıb. O, böyük şəxsiyyət tərəfindən atılan bu addımların milli yaddaşın bərpasına, azərbaycançılıq ideyalarının cəmiyyətdə təbliğinə və güclənməsinə xidmət etdiyini deyib.

Natiq çıxışında H.Əliyevin yüksəkixtisaslı peşəkar milli kadrların yetişdirilməsi məsələsinə də toxunub. Qeyd edib ki, bir çox azərbaycanlı gənc ümummilli lider tərəfindən SSRİ-nin müxtəlif bölgələrində ali təhsil almağa göndərilib və həmin şəxslər ölkəmiz müstəqillik qazandıqdan sonra respublikanın inkişafında mühüm rol oynayıblar.

H.Əliyevin 1993-cü ildə ölkəni yox olmaq təhlükəsindən xilas etdiyini, müstəqilliyimizi möhləmləndirdiyini deyən alim dövlət orqanlarının yenidən formalaşdırıldığını, Azərbaycan neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünyaya daşıyacaq "Əsrin müqaviləsi"nin imzalandığını, respublikaya investisiya axınının gücləndiyini vurğulayıb.

R.Hüseynov ulu öndərin ideyalarının bu gün də aktuallığını qoruduğunu və onun xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını qeyd edib.

Sessiyada, həmçinin muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin "Heydər Əliyevin ədəbiyyata münasibəti" və şöbə müdiri, professor Şəfəq Əlibəylinin "Heydər Əliyev epitetləri" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: