Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.12.2019 19:22
  • A-
  • A
  • A+

Bakı Musiqi Akademiyasında LOLA audiovizual yayım sisteminin təqdimatı keçirilib

Bakı Musiqi Akademiyasında LOLA audiovizual yayım sisteminin təqdimatı keçirilib

Dekabrın 20-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında LOLA (LoLa Low Latency Audiovisual Streaming System) audiovizual yayım sisteminin təqdimatı olub.

Tədbir AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Musiqi Akademiyası və Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək yeni sistem haqqında məlumat verib. Bildirib ki, bu sistem real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə bir araya gətirir. Vurğulayıb ki, bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, ustad dərsləri, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşularaq əvəzlənməsinə xidmət edir.

Qeyd edilib ki, LOLA audiovizual yayım sistemi Avropa İttifaqının tərəfdaş ölkələrini birləşdirən “EaPConnect” (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşıb.

Belə bir sistemin ölkəmizdə ilk dəfə Bakı Musiqi Akademiyasında tətbiq olunduğunu deyən Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov texnologiyanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu sistem vasitəsilə musiqi və müasir texnologiyanın sintezi nəticəsində tamaşaçılara məsafədən asılı olmayaraq müxtəlif toplantılar, konsertlər və ustad dərsləri çatdırılacaq.

Bu gün ölkəmizdə distant təhsil üzrə kifayət qədər təcrübənin əldə edildiyini deyən nazir müavini bildirib ki, Təhsil Nazirliyi ilk gündən bu layihəni dəstəkləyib. F.Qurbanov əlavə edib ki, layihə Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən uğurlu istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əlaqələrinin gücləndirilməsi, habelə ölkəmizdə elm və təhsilin inteqrasiyasının təmin olunması istiqamətində uğurlu addımdır.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev sözügedən layihənin ölkəmizdə tətbiqi istiqamətində işlərə 2015-ci ildən başlanıldığını bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulduqdan sonra Azərbaycan elm və təhsil sisteminin Avropa elm və təhsil sisteminə qoşulması istiqamətində bir sıra addımlar atılıb. Son beş il ərzində Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, eləcə də AMEA tərəfindən dövlət başçısının qeyd edilən istiqamətdə apardığı siyasətə dəstək olaraq uğurlu işlər həyata keçirilib: "Beş il bundan əvvəl Azərbaycanda LOLA haqqında danışmaq qeyri-mümkün idi. Bizə yüksək keyfiyyətlərə malik texnoloji infrastruktur və texnoloji mühit lazım idi. Bu işin reallaşması üçün texnoloji imkanlarımızı artırdıq, yüksək xidmətlərdən istifadə etdik. Hazırda ölkəmizin 18 universiteti nail olduğumuz yüksək texnoloji xidmətlərdən istifadə edir. Bu gün ölkə universitetləri və institutlar Avropa təhsil ocaqları ilə eyni imkanlara malikdir”.

Layihənin önəmini qeyd edən R.Əliquliyev bildirib ki, bu sistem Azərbaycanın intellektual musiqi və mədəniyyətini virtual məkan vasitəsilə təbliğ etməyə geniş imkan yaradacaq.

Akademik R.Əliquliyev diqqətə çatdırıb ki, böyük şəbəkəyə malik olan LOLA audiovizual yayım sistemi bu gün dünyanın 30 ölkəsində, 80 şəhərində, 107 musiqi mərkəzində qoşulub. Alim Azərbaycan musiqi mədəniyyətinin aparıcı qüvvələrinin bu sistemin imkanlardan geniş istifadə edəcəklərinə əminliyini bildirib. O, növbəti LOLA sisteminin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında quraşdırılacağını deyib. 

Sonra LOLA sisteminin təqdimatı olub.

Tədbir azərbaycanlı və estoniyalı musiqiçilərin virtual konsert proqramı ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: