Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“I Dünya müharibəsi və Azərbaycan” mövzusunda elmi konfrans keçirildi
20.06.2014 00:00
  • A-
  • A
  • A+

“I Dünya müharibəsi və Azərbaycan” mövzusunda elmi konfrans keçirildi

Bu gün AMEA-nın Əsas binasında AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə “I Dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Mərkəzi Asiya ölkələri və digər ölkələrdən görkəmli tarixçi alimləri iştirak edirdi.

Konfransı giriş sözü ilə açan əməkdar elm xadimi, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov konfransın əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, konfrans Azərbaycan tarixi həqiqətlərini öyrənmək və dünyaya tanıtmaq baxımından mühüm rola malikdir.

Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütövlükdə elmə, o cümlədən tarix sahəsinə xüsusi diqqət göstərildiyini söyləyən Y.Mahmudov Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin tarixinin yenidən işləndiyini diqqətə çatdırdı.

Azərbaycanın müharibə illərində ən böyük zərbə alan xalqlardan olduğunu vurğulayan Y.Mahmudov müharibənin Azərbaycana təsirlərindən danışdı. Qeyd etdi ki, müharibə nəticəsində Azərbaycan 89 illik rus müstəmləkəçiliyindən azad olmuş və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır.

Konfrans öz işini plenar iclas və 3 bölmədə davam etdirdi.

Plenar iclasda tarix elmləri doktoru İradə Bağırova, Atatürk Araşdırmalar Mərkəzinin sədri, professor Mehmet Əli Beyhan və digərləri məruzələrlə çıxış etdilər.

Bölmələr üzrə “Birinci Dünya müharibəsi illərində Azərbaycan xalqına qarşı “Böyük Ermənistan” cinayəti”, “1918-ci ilin Mart hadisələri və Bakıda Sovet hakimiyyətinin bərpası”, “Birinci Dünya müharibəsi illərində Bakı quberniyasında azərbaycanlıların soyqırımı”, “Birinci Dünya müharibəsi və ermənilərin türk xalqına qarşı vəhşilikləri” və s. məruzələr dinlənildi.

Qeyd edək ki, konfrans iyunun 21-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: