Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib və nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
Hər il faciənin ildönümü ərəfəsində şəhidlərin əziz xatirəsi ölkəmizdə və onun hüdudlarından kənarda dərin ehtiramla yad edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Qanlı faciənin ildönümü ilə əlaqədar olaraq Prezident İlham Əliyev 13 dekabr 2019-cu il tarixində “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. Bundan əlavə, “20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Sözügedən sənədlərdən irəli gələrək, AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində, akademiyanın Aşqarlar Kimyası, Kataliz və Qeyri-üzvi Kimya, Molekulyar Biologiya və Biotexnologiyalar, Tarix, Elm Tarixi, Arxeologiya və Etnoqrafiya, Fizika, İqtisadiyyat, Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Fiziologiya, Zoologiya, Biofizika, Mikrobiologiya, Botanika institutlarında, o cümlədən Şəki Regional Elmi Mərkəzində, eləcə də Hüseyn Cavidin Ev Muzeyində anım tədbirləri keçirilib.
Bir dəqiqəlik sükutla başlayan tədbirlərdə 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə məlumat verilib, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğu vurğulanıb.
Qeyd edilib ki, Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqımıza qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.
Diqqətə çatdırılıb ki, faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.
Tədbirlərdə bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir və bu qanlı hadisələr millətimizin müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirir.
Allah şəhidlərimizə rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.