Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.02.2020 15:50
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində yeni yaradılmış Dissertasiya şurasının ilk iclası keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində yeni yaradılmış Dissertasiya şurasının ilk iclası keçirilib

Məlum olduğu kimi, Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin 28 dekabr 2019-cu il tarixli əmri ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində ED 1.25 qeydiyyat nömrəli Dissertasiya Şurası yaradılıb.

Fevralın 6-da institutun nəzdində yeni yaradılmış Dissertasiya şurasının ilk iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru, Dissertasiya şurasının sədri, akademik İradə Hüseynova şurada “Biokimya”, “Bitki fiziologiyası” və “Molekulyar biologiya” ixtisasları üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçiriləcəyini bildirib. 

İradə Hüseynova institutun nəzdində yaradılmış Dissertasiya şurasının tərkibinin 18 nəfərdən ibarət olduğunu diqqətə çatdırıb. Bildirib ki, onlardan 12-i institutda, digərləri isə müxtəlif elmi təşkilatlarda çalışan nüfuzlu alimlərdir.

O, Dissertasiya şurasının nəzdində yuxarıda qeyd olunan ixtisaslar üzrə Seminar şurasının da yaradıldığını qeyd edib.  

Daha sonra Dissertasiya şurasının üzvləri - АMЕА-nın müxbir üzvü İlhаm Şаhmurаdоv, biologiya elmləri doktorları Səftər Sülеymаnоv, Yaşar Feyziyev, Ziyəddin Məmmədov, Vilayət Abdıyev şuranın fəaliyyətinin müasir elmi tələblər səviyyəsində qurulması, dissertasiya mövzularına dair şəffaf qərarların qəbulu, plagiat hallarının qarşısının alınması və s. məsələlər ətrafında çıxış ediblər.

İclasa yekun vuran akademik İ.Hüsеynоvа müzakirələr zamanı səslənən bütün təkliflərin nəzərə alınaraq Ali Attestasiya Komissiyasına təqdim olunacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: