Fevralın 25-də AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.
İclası BVŞ-nin sədri Eldar Quliyev açaraq gündəlikdəki məsələlər barədə iştirakçılara məlumat verib. O, 28 iyun 1994-cü ildə "Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu"nun qəbul edildiyini xatırladıb. Bildirib ki, sözügedən sənəd veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsinə, yaşayış sahəsi ilə təminatına, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinə, ictimai faydalı fəaliyyətdə iştirakına imkan verir.
BVŞ-nin son illərdə gördüyü işlər barədə məlumat verən E.Quliyev hazırda AMEA-da 2447 veteranın çalışdığını, 2013-2019-cu illər ərzində 802 veterana "Əmək veteranı" adı və vəsiqəsinin verildiyini söyləyib. Qeyd edib ki, sözügedən veteranlardan 23-ü akademik, 23-ü AMEA-nın müxbir üzvü, 262-si elmlər, 517 nəfəri isə fəlsəfə doktorudur. O, həmçinin 1 nəfərin Böyük Vətən Müharibəsi, 16 nəfərin Əfqanıstan, 91 nəfərin isə Qarabağ müharibəsi veteranı olduğunu söyləyib. Bundan əlavə, elmi müəssisə və təşkilatlarda işləyən veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində əməli işlərin görüldüyünü, veteranlara birdəfəlik müavinətlərin, yeməkxanada güzəştli nahardan istifadə kartlarının, müalicə və istirahət üçün isə sanatoriyalara göndərişlərin verildiyini diqqətə çatdırıb.
Cari ilin may ayında Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinin qeyd olunacağını deyən şura sədri bununla əlaqədar AMEA-da Tədbirlər Planının hazırlandığını bildirib. O, əlamətdar günün akademiyanın elmi müəssisə və təşkilatlarının veteranlar şuralarında qeyd edilməsinin önəmini qeyd edib.
Daha sonra BVŞ sədrinin çıxışı ətrafında fikirlər dinlənilib.
Yığıncaqda, o cümlədən Birləşmiş Veteranlar Şurasının sədrinin səlahiyyətləri BVŞ sədrinin müavini, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Zülfüqar Fərzəliyevə həvalə olunub.
Sonda bir sıra cari məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.