Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

03.03.2020 17:32
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti İtaliyanın nüfuzlu nəşriyyat evinin rəhbəri ilə görüşüb

AMEA-nın prezidenti İtaliyanın nüfuzlu nəşriyyat evinin rəhbəri ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşüb.

Tədbirdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev də iştirak ediblər.

Görüşdə çıxış edən akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasında tarixən mövcud olmuş əlaqələrdən söhbət açıb, bugünkü tədbirin iki ölkə arasında münasibətlərin möhkəmlənməsi baxımından səmərəli olacağını deyib. Bu yaxınlarda Prezident İlham Əliyevin İtaliyaya səfərini xatırladan akademiya rəhbəri ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən elm istiqamətində münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.

Akademik Ramiz Mehdiyev Azərbaycan elminin müxtəlif istiqamətlərini əhatə edən müxtəlif səpkili kitabların bu günə qədər dünyanın bir çox dillərinə tərcümə olunaraq yayıldığını qeyd edib. İtaliyanın nəşriyyat rəhbərinin Azərbaycanla bağlı təkliflərini yüksək dəyərləndirən AMEA rəhbəri ölkə elminin Avropada təbliği ilə bağlı tədbirlərin genişləndirilməsi məqsədilə bir sıra əsərlərin italyan dilinə tərcümə edilib yayılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra çıxış edən Sandro Teti İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin fəaliyyəti barədə ətraflı məlumat verib. Rəhbərlik etdiyi poliqrafiya müəssisəsinin çap məhsullarının yayıldığı dünya ölkələri, həmçinin burada nəşr olunan kitabların tematikası, yayımı, çap səviyyəsi haqqında danışan italiyalı naşir fəaliyyət sahələrinin əhəmiyyətli tərkib hissəsini əhatə edən tərcümə əsərləri barədə də söhbət açıb. O, burada nəşr olunan xarici ölkə müəlliflərinin əsərlərinin alim-tərcüməçilər tərəfindən yüksək peşəkarlıqla tərcümə edildiyini, təklif olunan əsərlərin orijinala daha yaxın olduğunu xüsusi vurğulayıb. “Sandro Teti” nəşriyyatında çap olunan kitablardan nümunələri və Azərbaycanla bağlı bir sıra kitabların çap olunmamış layihə variantlarını müzakirə üçün təqdim edən italiyalı qonaq AMEA rəhbərliyinə də öz peşəkar xidmətlərini təklif edərək əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə nəşriyyat işi və arxeoloji memarlıq sahəsində fikir mübadiləsi aparılıb, eləcə də Azərbaycan tarixi, ədəbiyyatı və folklorunu əhatə edən bir neçə əsərin mərhələlərlə italyan dilinə tərcümə edilməsi təklif olunub.

Daha sonra qonaq XX əsrin ən böyük şərqşünaslarından biri olan Yevgeni Bertelsin “Sandro Teti” nəşriyyatında çap olunmuş “Nizami Gəncəvi” monoqrafiyasını və İmadəddin Nəsiminin italyan dilində çıxmış kitabını AMEA rəhbərliyinə təqdim edib.

Sonda ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını, ölkə Prezidenti İlham Əliyevin siyasi fəaliyyətini, “Kitabi-Dədə Qorqud” dastanını, o cümlədən çoxəsrlik Azərbaycan ədəbiyyatı nümunələrini əhatə edən əsərlərin İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evində peşəkar şərqşünas alimlər tərəfindən italyan dilinə tərcümə olunaraq çap edilməsi barədə ilkin razılığa gəlinib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: