Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2020 09:28
  • A-
  • A
  • A+

AMEA-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

AMEA-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

Martın 5-də AMEA-nın Rəyasət Heyətində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, bu mötəbər elm məbədində işləyən qadın əməkdaşları və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Akademik İsa Həbibbəyli Azərbaycan qadınlarının tarixi xidmətlərindən, cəmiyyətdəki rolundan və nüfuzundan bəhs edib. Bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanıblar.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən alim bildirib ki, ulu öndər Azərbaycan qadınının cəmiyyətdə layiqli mövqe tutmasını, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edib. Vurğulayıb ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onun elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına verdiyi töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük hörmətlə qarşılanır.

Daha sonra AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq elmləri doktoru Habil Qurbanov çıxış edərək akademiyada çalışan bütün qadınları bayram münasibətilə təbrik ediblər. Çıxış edənlər AMEA-nın institut və təşkilatlarında qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıblar.

Tədbirin sonunda akademiyanın elmi və ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Fəxri fərmanlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: