AMEA Rəyasət Heyətinin qərarı ilə akademik Əli Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. Bu gün AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən tədbirdə akademik Əli Abbasov kollektivə təqdim olunub.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov akademik Əli Abbasovu kollektivə təqdim edərək alimin elmi, elmi-təşkilati, ictimai-siyasi və pedaqoji fəaliyyətindən danışıb. O, akademik Əli Abbasovun öz zəngin elmi və idarəçilik təcrübəsi ilə Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Əminağa Sadıqov son zamanlar elmi-innovativ fəaliyyətin dünyanın əksər ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını deyərək, AMEA-da da bu məsələlərə xüsusi diqqət ayrıldığını qeyd edib. Bildirib ki, YT Parkın fəaliyyəti Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil edir və AMEA Rəyasət Heyəti bu qurumun rəhbərliyinin və kollektivinin elmi-innovativ fəaliyyətlə bağlı bütün təşəbbüslərini dəstəkləməyə hazırdır.
Daha sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib. O, qurumun fəaliyyətində yeni bir mərhələnin başlandığını xüsusi qeyd edərək akademik Ə.Abbasovun görülən işləri yüksək səviyyədə davam etdirəcəyinə əminliyini ifadə edib. Akademik İbrahim Quliyev bildirib ki, Azərbaycanda innovativ inkişaf modeli dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu baxımdan elmi fəaliyyət sahəsində çoxsahəli islahatların aparıldığı hazırkı şəraitdə YT Park-ın qarşısında bir sıra mühüm vəzifələr dayanmaqdadır. O, bu vəzifələrin icrasında akademik Əli Abbasova uğurlar arzulayıb.
Tədbirdə çıxış edən akademik Əli Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. Alim bildirib ki, son zamanlar ölkəmizdə sosial-iqtisadi sahənin prioritet istiqamətlərindən biri olan innovativ iqtisadi sektorun inkişafına nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. O, YT Parkın innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini bildirib. Qeyd edib ki, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan Parkda bundan sonra da Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlər görüləcək.
Sonra professor Elton Məmmədov çıxış edərək Ə.Abbasovun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsi, dövlətçiliyin inkişafındakı xidmətlərindən, eləcə də pedaqoji fəaliyyətindən bəhs edib, ona fəaliyyətində uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.