10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Koronavirus pandemiyasına həsr olunmuş görüşdə çıxış edən dövlət başçısı Türk Şurasının dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu diqqətə çatdırıb.
Ölkə başçısı Türk Şurasının dünyada dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olduğunu deyib: “Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır”.
Görüşdə qlobal miqyasda yayılmış COVID-19 virusu ilə mübarizə yolları, bu çətin dövrdə Türk Şurası üzvləri arasında həmrəyliyin nümayiş etdirilməsi, qarşılıqlı birgə fəaliyyətin gücləndirilməsi, o cümlədən bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması üçün pandemiyadan sonrakı dövrdə iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.
Bu gün isə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk dövlətləri Milli Elmlər Akademiyalarının COVID-19 pandemiyası dövründəki fəaliyyətinə həsr olunmuş onlayn iclası keçirilib. Tədbirin gündəliyində böhran vəziyyətlərində Türk dövlətlərində elmin hazırki vəziyyəti, pandemiya dövründə qəbul olunmuş qərarların təcrübə mübadiləsi, eləcə də elmi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirəsi yer alıb.
Konfransı giriş sözü ilə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali açıb.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirə videokonfrans sistemi vasitəsilə qatılıb. Alim tədbir iştirakçılarını salamlayaraq koronavirusun geniş yayılması ilə əlaqədar olaraq dünyada yeni bir dövrün yaşandığını, pandemiyaya dair çağırışlar sırasında özünütədricetmənin ön mövqeyə çıxdığını deyib. Qeyd edib ki, bu, koronavirusdan xilas yolu olsa da, tədricolunma eyni zamanda, cəmiyyətin normal və dinamik inkişafına maneə törədir, beynəlxalq əlaqələrə böyük zərbə vurur.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət barədə məlumat verən akademik İ.Həbibbəyli bu xəstəliyin ölkə Prezidentinin nəzarəti altında olduğunu, xalqımızın bu çətin günlərdə dövlət başçısı ilə birgə həmrəylik nümayiş etdirdiyini qeyd edib. O, Prezident İlham Əliyevin sərəncamı ilə işdən təcrid olunmuş əhalinin aztəminatlı təbəqələrinə, 600 mindən çox vətəndaşımıza aprel və may ayları üçün maliyyə yardımının göstərildiyini nəzərə çatdırıb.
Bəşəriyyət üçün böyük bəla olan pandemiya hadisəsini XXI əsrin xərçəngi adlandıran məruzəçi, bu xəstəlikdən xilas olmaq üçün alimlərin üzərinə böyük vəzifələrin düşdüyünü vurğulayıb: “Düşünürəm ki, bugünkü akademiyaların onlayn konfransı koronavirus şəraitində və pandemiyadan sonrakı mərhələdə elm adamlarının vəzifələrini müzakirə etmək və ortaq qərarlar qəbul etmək baxımından əhəmiyyətli platformadır”.
Alim bundan sonra Elmlər Akademiyaları ilə birlikdə onlayn seminarlar, simpoziumlar, tədqimatlar keçirməyin vacib olduğunu qeyd edib. Bildirib ki, eyni zamanda, elmimiz hər bir epidemiya hallarına dair uyğun proqnozlar verməyi, konkret elmi təkliflərlə çıxış etməyi bacarmalıdır. Koronavirusun yaranma səbəbləri haqqında səslənən müxtəlif versiyaları birlikdə təhlil edilib obyektiv elmi nəticələr çıxarmalıyıq.
“Artıq müşahidələr göstərir ki, dünyada koronavirus dövrü enişə doğru meyllidir”, – deyə bildirən İsa Həbibbəyli ən qısa zamanda bu çətin və məsuliyyətli vəziyyətdən çıxaraq yenidən normal həyata qayıdacağımıza inamını ifadə edib. Qeyd edib ki, Azərbaycanda gedən prosesləri nəzərə alaraq, böyük ümidlə demək olar ki, koronavirusdan xilas olacağımız gün çox da uzaqda deyildir.
Birinci vitse-prezident, eyni zamanda, Türk Akademiyaları Birliyinə AMEA-nın sədrlik etdiyi 2019-2020-ci illərdəki fəaliyyəti barədə hesabat verib.
Akademik İ.Həbibbəyli çıxışının sonunda hər bir konfrans iştirakçısına, tədbirdə təmsil olunan Akademiyaların kollektivlərinə səmimi arzularını ünvanlayıb.
Onlayn konfransda, həmçinin digər türk dövlətləri akademiyalarının təmsilçiləri çıxış ediblər. Belə ki, iclasda Qazaxıstan Elmlər Akademiyasının prezidenti, akademik Murat Jurinov, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Acar, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Bahram Abduhalimov, Qırğızıstan Elmlər Akademiyasının prezidenti, akademik Murat Cumatayev, Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salahov, Başqırdıstan Elmlər Akademiyasının prezidenti, akademik Alfis Qayazov çıxış edərək pandemiya dövründə əməkdaşlıq imkanlarının müxtəlif formalarını təklif edib, ölkələrində koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərdən danışıblar.
Daha sonra Türk Dövlətləri Elmlər Akademiyalarının COVID-19 Pandemiya görüşü ilə bağlı qətnaməsi imzalanıb. Qətnaməni Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Tatarıstan və Başqırdıstan Elmlər Akademiyaları, eləcə də Beynəlxalq Türk Akademiyasının nüməyəndələri imzalayıb. Sənəddə mövcud böhran dövründəki türk dövlətlərində və respublikalarında elmi əlaqələri inkişaf etdirmək üçün irəliləyişlər etmək, elm adamlarının inteqrasiyasını dərinləşdirmək, türk respublikalarında elm adamlarının təcrübələrini və nəşrlərini bölüşmək, birgə layihələr həyata keçirmək, türk dövlətləri və respublikalarında informasiya texnologiyalarının çoxistiqamətli inkişafında səyləri birləşdirmək və s. məsələlər yer alıb.
Sonda Türk Akademiyaları Birliyinə Qırğızıstan Elmlər Akademiyasının sədrlik etməsi barədə qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.