AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ölkə Prezidenti İlham Əliyevin “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli Sərəncamının əhəmiyyətindən bəhs edib. O, görkəmli yazıçının həyat və fəaliyyətinə nəzər salaraq bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev həm bədii yaradıcılığı, elmi-nəzəri məqalələri, həm də tərcümə əsərləri ilə ədəbiyyat xəzinəmizin zənginləşməsində böyük xidmətlər göstərib. Qeyd olunub ki, bədii nəsr sahəsində digər tanınmış ədiblərimizlə yanaşı, realist nəsrin ənənələrini davam etdirən Əbdürrəhim bəy Haqverdiyev orijinal, özünəməxsus üslubu ilə bir sıra əsərlər qələmə alıb. O, yaradıcılığı dövründə pyes, hekayə, məqalə və xatirə yazıb, rus və dünya ədəbiyyatından tərcümələr edib, eyni zamanda, səhnəmiz üçün dram əsərləri yazıb.
İsmayıl Hacıyev bildirib ki, Əbdürrəhim bəy Haqverdiyevin adının YUNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi onun yaradıcılığına verilən dəyərdir.
Onlayn konfransda yazıçının ədəbi-bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai fəaliyyətindən, milli ideologiyanın oyanışında misilsiz xidmətlərindən də söz açılıb. Qeyd olunub ki, ədibin zəngin yaradıcılıq fəaliyyəti bundan sonra da öyrəniləcək.
Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılıq yolu”, institutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Bədii nəsrimizin tarixində Əbdürrəhim bəy Haqverdiyevin mövqeyi”, Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Əbdürrəhim bəy Haqverdiyevin pyesləri Naxçıvan səhnəsində” və Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “Əbdürrəhim bəy Haqverdiyev əsərlərinin bədii dil və üslub xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.