AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə onlayn görüş keçirilib.
Məqsəd COVID-19 pandemiyası dövründə AMEA-da tədrisin davamlılığının təmin edilməsi, I kurs magistrantların yay imtahan sessiyasının təşkili, II kurs magistrantların magistrlik dissertasiyalarının müdafiəsinin vaxtında keçirilməsi, həmçinin doktorantura və dissertanturaya 2020-ci ilin qəbul nəticələrini müzakirə etmək olub.
İclasda Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, idarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, Doktorantura və dissertantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və müvafiq institutların Təhsil şöbələrinin rəhbərləri iştirak ediblər.
Görüşü Fail Kazımov açaraq AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) təhsilin təşkil edilməsi haqqında” sərəncamını xatırladıb. Sözügedən sənədə əsasən akademiyanın tədris prosesində yeni yanaşmanın tətbiqinə başlanıldığını deyən idarə rəisi xüsusi karantin rejimində təhsil prosesinin davamlılığının təmin olunmasının vacibliyini qeyd edib. O, distant təhsilin ilk təcrübə olmasına baxmayaraq AMEA-da yüksək səviyyədə təşkil edildiyini söyləyərək, bu işdə əməyi olan AMEA əməkdaşlarına, professor-müəllim heyətinə təşəkkürünü bildirib. F.Kazımov, həmçinin AMEA-nın 2020/2021-ci tədris ilinin qəbul planından söz açıb, yeni tədris ilinə hazırlıq işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Sonra idarənin rəis müavini Hüseyn Hüseynov çıxış edərək magistrantların aralıq qiymətləndirilməsinin 31 may 2020-ci il tarixində başa çatdırılmasının önəminə toxunub. O, distant təhsil sahəsində əldə edilən təcrübəni yüksək dəyərləndirərək, onlayn rejimdə keçirilən sərbəst işlərin və kollokviumların, o cümlədən seminar qiymətlərinin imtahanqabağı bal cədvəlində nəzərə alınmasının zəruriliyini qeyd edib.
Daha sonra Doktorantura və dissertantura şöbəsinin müdiri Ömər Gülalov yay imtahan sessiyasında doktorluq imtahanlarının keçirilməsi, eyni zamanda, 2020-ci il üzrə doktoranturaya qəbulun nəticələri və növbəti qəbul prosesinə hazırlıqla bağlı müvafiq məlumatlar verib.
Sonda Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev magistrantlar üçün yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının təşkilli ilə bağlı çıxış edib. O, ölkə rəhbərliyinin pandemiya ilə əlaqədar qəbul etdiyi preventiv tədbirləri, xüsusilə sosial məsafəni gözləməklə, istisna halları nəzərə almaqla həm imtahan sessiyasının, həm də magistrlik dissertasiya işlərinin müdafiəsinin ənənəvi yolla aparıla biləcəyini qeyd edib.
Onlayn görüşdə gündəlikdə olan məsələlər müzakirə edilib, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.