AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun 80 illik yubileyi münasibətilə muzey əməkdaşlarının və yubilyarın iştirakı ilə videokonfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov konfransın keçirildiyi günün – 14 may tarixinin muzey üçün əlamətdar olduğunu bildirib O, 75 il əvvəl məhz bu gün 1945-ci ildə muzeyin ilk dəfə qapılarını tamaşaçıların üzünə açdığını diqqətə çatdırıb. Alim qeyd edib ki, mayın 1-də 80 yaşı tamam olan Akif Əsgərovun yubiley tədbirini məhz bu gün keçirtməkdə məqsəd bu il yaradılışının 80 illiyini qeyd edən muzeyin ekspozisiya zallarını 80 yaşlı heykəltəraşın müəllifi olduğu sənət əsərlərinin də bəzəməsidir.
Daha sonra tişə ustası Akif Əsgərovun yaradıcılığını təhlil edən Rafael Hüseynov onun adının Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Ömər Eldarov kimi ustad heykəltəraşlarla bir sırada çəkildiyini vurğulayıb.
“Bu gün Akif Əsgərovun əsərləri təkcə Azərbaycanda deyil, Almaniya, Fransa, Sloveniya, Türkiyədə və digər ölkələrdə yüksəlməkdədir”, – deyə bildirən muzeyin direktoru qeyd edib ki, onun Hüseyn Cavid heykəli müəllifin hələ cavan yaşlarından yüksək sənətkarlığı ilə seçilən əsərlərin nümayiş olunduğu Tretyakov qalereyasının daimi sərgisində yer alır.
Daha sonra muzeyin əməkdaşları Akif Əsgərovun əsərlərinin nümayiş olunduğu zallardan videokonfransa qoşularaq heykəltəraşın əməyinin məhsulu olan sənətkarlıq nümunələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Əvvəlcə muzeyin XX əsr şair və yazıçılarına həsr edilmiş zalından qurumun elmi işçisi, fil.ü.f.d. Nəzmiyyə Yigitoğlu sənətkarın Hüseyn Cavid və Məmməd Səid Ordubadi heykəllərini təqdim edib. O, müəllifin H.Cavid obrazında “tanrısı gözəllik və sevgi” olan şairi əbədiləşdirdiyini, M.S.Ordubadini bütün məğrurluğu ilə göstərə bildiyini vurğulayıb.
Daha sonra Xurşidbanu Natəvana həsr edilmiş zaldan elmi işçi Dilbər Hüseynova tədbir iştirakçılarına “X.Natəvan və Aleksandr Düma” fiqurlarını nümayiş etdirib. O, heykəltəraşın A.Dümanın Qafqaza səyahəti zamanı 1858-ci ildə Bakıda X.Natəvanla görüşməsi faktını daş yaddaşa köçürdüyünü söyləyib.
Muzeyin görkəmli dövlət xadimi, yazıçı-publisist Əlimərdan bəy Topçubaşova həsr edilmiş guşəsindən videobağlantı ilə qoşulan elmi işçi , fil.ü.f.d. İlhamə Quliyeva-Gültekin Akif Əsgərovun muzey və qalereya həcmli əsərlərindən əlavə, monumental heykəltəraşlıqla da məşhurlaşdığını və belə əsərlərdən birinin Ə.Topçubaşovun məzarüstü abidəsi olduğunu bildirib.
Muzey əməkdaşı qeyd edib ki, Ə.Topçubaşovun qəbirüstü abidəsi akademik Rafael Hüseynovun layihəsi əsasında 2003-2006-cı illərdə Akif Əsgərov tərəfindən hazırlanıb və Paris yaxınlığındakı Sen-Klu məzarlığında dövlət xadiminin sərdabəsi üzərində ucaldılıb.
Məruzəçi ekspozisiyada mövcud olan həmin məzarın əvvəlki və sonrakı görüntüsünün fotoşəkillərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu məzarı ziyarət etdikləri zaman çəkilmiş fotolarını, eləcə də bu guşədə nümayiş etdirilən və muzeyin qiymətli eksponatlarından biri olan köhnə məzar daşının orijinalını tədbir iştirakçılarına təqdim edib.
Videokonfransa İstiqlaliyyət küçəsindən qoşulan Gülsəba Həsənova sənətkarın monumental şəhər heykəltəraşlığına verdiyi töhfələrdən bəhs edib, bu abidələrdən ən əzəmətlisi olan “Akademik Yusif Məmmədəliyevin heykəli”ni nümayiş etdirib. Məruzəçi diqqətə çatdırıb ki, qarşısında dayandığı bu abidə böyük alim üçün ucaldılmış ilk heykəldir.
Yubiley tədbirində muzey əməkdaşları ilə yanaşı, yubilyarın yaxın dostu və məsləkdaşı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, muzeyin Elmi şurasının üzvü Salxab Məmmədov da iştirak edərək heykəltəraşla dostluq əlaqələrindən söz açıb, onu təmsil etdiyi qurumun adından təbrik edib.
Sonra çıxış edən Xalq rəssamı Akif Əsgərov konfransın təşkilinə görə akademik Rafael Hüseynova, eləcə də muzeyin əməkdaşlarına və videokonfransın iştirakçılarına təşəkkürünü bildirib.
Ölkə Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya mədəniyyət xadimlərinə göstərdikləri qayğıya görə minnətdarlığını ifadə edən yubilyar bu yaxınlarda layiq görüldüyü 2-ci dərəcəli “Əmək” ordenini dövlətin sənətə və sənətkara yüksək diqqətinin bariz nümunəsi olduğunu vurğulayıb. O, bundan sonra da Azərbaycan heykəltəraşlığına yeni töhfələr vermək üçün səy göstərəcəyini bildirib.
Sonda akademik Rafael Hüseynov bildirib ki, sənətkarın yaşı onun anadan olduğu təqvimlə deyil, sənətə başladığı və mədəniyyətin səhifələrinə mötəbər imzasını atdığı tarixdən hesablanır. Ona görə də, Akif Əsgərov ömrünün və yaradıcılığının çiçəklənən dövrünü yaşayır və yəqin ki, bundan sonra da uzun illər yeni əsərləri ilə xalqımızı sevindirəcək, Azərbaycan mədəniyyətini zənginləşdirəcək.
Qeyd edək ki, videokonfransa muzeyin Xaqani Şirvani adına Aran filialının, Xurşidbanu Natəvan adına Qarabağ filialının, Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzinin əməkdaşları da qoşulub, yubilyarı təbrik ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.