AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində reallaşdırılan mövzular arasında dilçilik sahəsi də uğurla təmsil olunur.
Belə ki, layihə iştirakçılarından Əkbər Ağayev adına Naxçıvan şəhər 8 №li tam orta məktəbin VIII sinf şagirdləri Suay Qasımlı və Suat Qasımlının yerinə yetirdikləri “Sosial məkanda ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” adlı tədqiqat işi bu günlərdə Rusiya Təbiətşünaslıq Akademiyasının keçirdiyi “Şagird elmi tədqiqat və yaradıcı işləri üzrə IX Beynəlxalq müsabiqəsi”ndə III dərəcəli diploma layiq görülüb.
Layihənin rəhbəri, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl isə Rusiya Təbiətşünaslıq Akademiyasının Beynəlxalq Tədqiqatçı, Müəllim və Mütəxəssislər Assosiasiyası tərəfindən pedaqoji sahədə innovativ tədqiqatların aparılmasındakı səmərəli fəaliyyətinə görə “Şəhadətnamə” ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.