Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Yaqub Mahmudov İrəvanın ermənilərə verilməsi barədə real faktları açıqlayıb
12.06.2020 09:38
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudov İrəvanın ermənilərə verilməsi barədə real faktları açıqlayıb

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “REAL” televiziya kanalına müsahibəsində İrəvanın ermənilərə verilməsi barədə real faktları açıqlayıb. Alim bildirib ki, İrəvanın ermənilərə hansı şəraitdə verilməsinə dair həqiqəti əks etdirən faktların təqdim olunması böyük əhəmiyyətə malik məsələlərdəndir.

Y.Mahmudovun sözlərinə görə, ölkə başçısı İlham Əliyev real tarixi həqiqətlərə və ilkin mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraf əraziləri əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcək.

O, qeyd edib ki, ölkə Prezidentinin Tarix İnstitutunun qarşısında qoyduğu İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması, erməni vandalizminin araşdırılması kimi bir sıra mühüm məsələlərə dair tövsiyə və tapşırıqları əsasında institutda bu istiqamətdə aparılan tədqiqatlar daha da genişləndirilib. Həmçinin İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı yeni sənədlər və maraqlı faktlar aşkar olunub. 

“Elmi müəssisədə aparılan tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”, – deyə vurğulayan alim bildirib ki, Fevral inqilabından sonra, 1918-ci ildə Cənubi Qafqazda yalnız iki yerli (aborigen) xalqın – azərbaycanlıların və gürcülərin dövləti yaradıla bilərdi. Çünki ancaq bu iki xalqın müstəqil dövlət yaratmaq üçün tarixi etnik – ərazi bazaları mövcud idi. Cənubi Qafqaza köçürülüb gətirilmiş və əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin isə dövlət yaratmaq üçün burada ərazi bazaları yox idi.

Onun sözlərinə görə, Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin, həm Antantanın (Çar Rusiyası, İngiltərə, Fransa, ABŞ), həm də Almaniya-Osmanlı blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı. Çar Rusiyası, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı imperiyası ərazisində – Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər. Osmanlı imperiyasının bəzi siyasi dairələri isə “erməni təhlükəsi”ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin imperiya sərhədləri xaricində – Azərbaycan torpaqlarında yaradılmasına çalışırdılar: “Azərbaycan tərəfinin, real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə, həm də ölkənin bütün ərazilərində soyqırımları həyata keçirən daşnak-erməni silahlı birləşmələrinə və onların arxasında duran dövlətlərə hərbi müqavimət göstərmək gücü yox idi. Buna görə də, Azərbaycan milli hərəkatının xadimləri ermənilərə dövlət yaratmaq məsələsində Osmanlı dövlətinin bəzi siyasi dairələrinin diktəsi ilə hərəkət edirdilər”.

Y.Mahmudov vurğulayıb ki, yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri ermənilərə dövlət yaratmaqdan ötrü hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Osmanlı dövlətinin vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara girdilər. Güman olunurdu ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Osmanlı-erməni münasibətləri nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Osmanlı dövlətinə qarşı beynəlxalq qınağa son qoyulacaq.

Bildirilib ki, Azərbaycan tərəfi də “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Onlar belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına “kiçik bir kanton” yaradılacağı halda ermənilərin Osmanlı ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaq və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də, böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq.

Tarixçi alimin sözlərinə görə, belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər paşaya xüsusi müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov və Xəlil bəy Xasməmmədov da imzalamışdılar. Eyni təkliflə bundan bir gün əvvəl - 1918-ci il mayın 22-də Tələt paşaya və Ənvər paşaya Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu da müraciət etmişdilər.

Vurğulanıb ki, danışıqlar zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürdü. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər. Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvanla birlikdə bir sıra digər Azərbaycan torpaqları da verilmişdi.

“Ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərilərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməkdən imtina etdilər”, – deyə akademik diqqətə çatdırıb.

Y.Mahmudov bildirib ki, Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında 9 min kvadratkilometr sahəsi olan Azərbaycan torpaqları verilmişdi. 1918-ci il mayın 29-da 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə sovet imperiyasının birbaşa köməyi ilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı.

O, əlavə edib ki, bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min kvadratkilometrlik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi.

Milli Məclisin deputatı olarkən Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ ilə bağlı məsələni dəfələrlə parlamentdə səsləndirdiyini nəzərə çatdıran alim qeyd edib ki, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: “Milli Məclisdə Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 1918-ci il 29 may tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: