Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilmiş onlayn beynəlxalq videokonfrans keçirilib.
Dövlət Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin deputatı, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir dünyada yaşayan azərbaycanlılara həsr olunmuş musiqinin (sözləri Rafael Hüseynovun, musiqisi Faiq Sücəddinovundur) - Diaspor himninin səsləndirilməsi ilə başlayıb.
Onlayn konfransda çıxış edən akademik Rafael Hüseynov Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasını ölkənin ictimai-siyasi həyatında əlamətdar hadisə kimi dəyərləndirib. O, Azərbaycan diasporunun birliyinin və mütəşəkkilliyinin vacib amil olduğunu vurğulayıb.
Rafael Hüseynov diasporun tanınmış üzvlərini Azərbaycanla xarici ölkələr arasında körpü və təmasların yaranmasında xüsusi rolu olan şəxslər adlandırıb, ölkəmizdə onların fəaliyyətinə yüksək qiymət verildiyini deyib: “Bu gün sizin gördüyünüz işlər göz qabağındadır, amma bu fəaliyyət gələcəyin yüksəkliyindən daha aydın görünəcək”.
Daha sonra Dövlət Komitəsinin sədri Fuad Muradov əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını və diaspor hərəkatına töhfə verən hər bir azərbaycanlını təbrik edib. Bu qurumun görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan komitə sədri bildirib ki, ulu öndərin dünya azərbaycanlılarının eyni amal və məqsəd ətrafında birləşdirilməsi naminə əsasını qoyduğu diaspor siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fuad Muradov qeyd edib ki, yarandığı gündən Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edib, diasporun birləşməsi və təşkilatlanması istiqamətində mühüm işlər və müxtəlif layihələr həyata keçirilib. Onun sözlərinə görə, ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, dövlətimizin maraqlarını qorumağa qadir böyük qüvvəyə çevrilməsi üçün Koordinasiya şuraları yaradılıb, Azərbaycan evləri istifadəyə verilib.
Konfransda diaspor təşkilatlarının və nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət, koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud şəraitdə görülən işlər yüksək qiymətləndirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən hesabat xarakterli videoçarx nümayiş etdirilib. Həmçinin COVID-19 pandemiyası ilə mübarizədə xarici ölkələrdə xüsusi fəaliyyətləri ilə fərqlənən 7 soydaşımızın təşəkkürnaməyə layiq görülməsi barədə məlumat verilib.
ABŞ, Niderland Krallığı, Türkiyə, Ukrayna, Rusiya, Kanada, Avstriya, Çili, Dubay, Polşa, Estoniya, Fransa, İtaliya, Tailand, Gürcüstan, İspaniya və bir sıra başqa ölkələrdən videokonfransa qatılan azərbaycanlılar çıxış edərək müstəqil Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətindən, yeni növ koronavirus pandemiyası dönəmində dövlətimizin həmvətənlərimizə həssas münasibətindən, mənəvi və maddi dəstək nümayiş etdirməsindən danışıblar.
Beynəlxalq videokonfrans bədii hissə ilə yekunlaşıb. Tədbirin bədii hissəsində Türkiyədə yaşayan dirijor, bəstəkar, pianoçu, Əməkdar artist Turan Manafzadə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.