ABŞ-ın səhiyyə sahəsinin nümayəndələri və dərman istehsalçıları yayın sonlarınadək yeni növ koronavirusa qarşı potensial vaksinin hazırlanmasına başlamaq istəyir.
www.cnbc.com saytı xəbər verir ki, 2021-ci ilin əvvəlinə kimi ABŞ-da 300 milyon vaksin dozası hazırlana bilər. Lakin hələkik mümkün vaksinlərdən hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrədək uğurlu vasitə əldə ediləcəyi məlum olmasa da, ilkin istehsal prosesinə start verilib.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının bu günkü məlumatına əsasən, dünyada 13 milyon 249 mindən çox yoluxma və 575 min 844 ölüm faktı qeydə alınıb, 7 milyon 718 min 307 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 4 milyon 955 min 424 xəstədən 59 min 208-nin vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da indiyədək yeni koronavirusa yoluxanların sayı 3 milyon 479 min nəfəri ötüb, 138 min 247 nəfər isə həyatını itirib. Birləşmiş Ştatlar dünya ölkələri arasında həm yoluxanların, həm də ölənlərin sayına görə birinci yerdədir.