AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb.
İyulun 30-da AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsində Dilçilik İnstitutunun alimlərinin iştirakı ilə nəşrin siqnal variantının müzakirəsi keçirilib.
Akademik İsa Həbibbəyli lüğətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlandığını, müəyyən edilmiş normalara ciddi surətdə əməl olunduğunu bildirib.
Müzakirədə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, həmin müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli, filologiya üzrə fəlsəfə doktorları - “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənli çıxış edərək nəşrlə bağlı təkliflərini bildiriblər.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr edilib. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən ərsəyə gəlib.
"Azərbaycan dilinin orfoqrafiya lüğəti" sentyabr ayında kitab halında nəşr edilərək geniş oxucu kütləsinə təqdim olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.