Palıd Azərbaycan meşələrində fıstıqdan sonra əsas biokütləni təşkil edən cinsdir və floramızda mühüm ekoloji, iqtisadi və simvolik dəyərə sahibdir. Məlumdur ki, hazırda əsas ekoloji problemlərdən biri qlobal istiləşmədir və atmosferdə karbon qazının miqdarının artması ilə istixana effekti yaranır. Bunun qarşısını almaq üçün mövcud floranı qorumaq, eləcə də yeni meşə zolaqlarının salınması labüddür. Zəngin meşə resurslarının və biomüxtəlifliyin qorunub saxlanılması istiqamətində palıdların tədqiqi hər zaman aktuallığını qoruyub saxlayır.
AMEA-nın Dendrologiya İnstitutunda biologiya üzrə elmlər doktoru, dosent Zümrüd Məmmədovanın rəhbərliyi altında Azərbaycanın müxtəlif ərazilərində, müxtəlif ekoloji şəraitdə bitən 5 palıd növü üzərində (Q. castaneifolia, Q. pedunculiflora, Q. iberica, Q. macrhantera, Q. ilex) polimorfizm morfoloji və molekulyar səviyyədə tədqiqatlar aparılıb. Bütövlükdə 5 növ, 7 populyasiya, 91 fərd və 910 yarpaq nümunəsi üzərində ən son avadanlıqlar vasitəsilə ölçmə işləri həyata keçirilib. Növdaxili, növlərarası, eləcə də populyasiyadaxili və populyasiyalararası müqayisə aparılaraq variasiya təhlil edilib, biomorfoloji əlamətlər, eləcə də hər bir genotip ayrı-ayrılıqda müasir metodikalar və statistik analizlər vasitəsi ilə qiymətləndirilib. ANOVA analizi vasitəsi ilə populyasiyadaxili genetik müxtəlifliyin yüksək olduğu, populyasiyalararası müxtəlifliyin isə zəif olduğu müəyyənləşdirilib. Bundan əlavə, Claster analizi vasitəsilə biomorfoloji əlamətlər əsasında növlərarası genetik məsafə öyrənilib, növlərin qohumluq əlaqələri qiymətləndirilib. Nəticədə müəyyən edilib ki,Q. pedunculiflora, Q. iberica, Q. macrhantera növləri genetik məsafə baxımından bir-birinə daha yaxındır.
Uzun illərdən bəri palıd daim Azərbaycan alimlərinin diqqət mərkəzində olsa da, indiyədək palıdlar üzərində genetik səviyyədə heç bir tədqiqat işi aparılmayıb. Azərbaycanda ilk dəfə olaraq AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda dosent Samirə Rüstəmovanın rəhbərliyi altında Güllü Əliyeva tərəfindən palıd yarpaqlarından DNT ayrılıb və 10 RAPD marker vasitəsi ilə PZR analiz aparılıb. Alınmış nəticələr əsasında statistik analiz aparılıb və nəticələr göstərib ki, cəmi 113 DNT fraqmenti amplifikasiya edib, onlardan 91 qrupu (band) polimorfikdir. Ən yüksək PİC, EMR və Mİ qiymətləri OPD-05, OPB-01 və OPB-03 praymerləri vasitəsi ilə müşahidə olunub. Genotiplər arasında genetik oxşarlıq testi 0.333 ilə 0.818 arasında dəyişib, orta qiymət isə 0.498-ə bərabərdir. Növ üçün spesefik olan fraqmentlər isə bütün tədqiq edilən növlərdə tapılıb. UPGMA metodu əsasında Cluster analiz və Jaccard oxşarlıq əmsalına görə, öyrənilən palıd genotipləri 3 əsas qrupda cəmləşdirilib və nəticələr prinsipal kordinat analizi ilə (PcoA) öz təsdiqini tapıb. Alınmış nəticələr palıdların inkişafı proqramı üçün çox faydalı ola bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.