10 sentyabr 2020-ci il tarixində “Təzadlar” qəzetində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bu mətbu orqana müsahibə verdiyinə dair həqiqətə uyğun olmayan məlumat yayılmışdır. Xatırlatmaq istəyirik ki, 9 sentyabr 2020-ci il tarixində bu qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəmişdir. Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirmişdir. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulamışdır. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırmışdır.
Bir daha bəyan edirik ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməmişdir. AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.