Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
09.04.2024 11:15
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki

Hörmətli həmkarlar!

Sizi İslam aləminin müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, tutduğunuz orucların, etdiyiniz ibadətlərin uca Allahdan qəbul olunmasını diləyirəm.

Daim bəşəriyyəti sülhə, tolerantlığa, humanizmə, yüksək mənəvi əxlaqa, xeyir əməllərə çağıran İslam dininin müqəddəs kitabı Qurani-Kərim bəşəriyyətə məhz Ramazan ayında nazil olmuşdur. İnsanın iradəsinin sınandığı bu müqəddəs ay hər kəsi xeyir işlər görməyə, yardıma ehtiyacı olanlara əl tutmağa, başqalarının dərdlərinə şərik olub kömək etməyə səsləyir.

İslam dininin müqəddəs dəyərləri, o cümlədən Ramazan bayramı da əsrlər boyu xalqımız tərəfindən ölkəmizdə yaşadılmaqdadır. Xüsusilə sovet hakimiyyətinin ən sərt illərində belə xalqımız İslam dininə, onun tarixi dəyərlərinə olan bağlılığını bütün çətinliklərə baxmayaraq qoruyub saxlamışdır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra isə ölkəmizdə din və vicdan azadlığı bərqərar olmuş, hər kəsin öz dininə etiqad etmək hüququ verilmişdir ki, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır.

Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal” jurnalında 2017-ci ildə işıq üzü görmüş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində qeyd etdiyi kimi - “Biz Azərbaycanda mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq mühitinin təmin olunmasını böyük nailiyyət hesab edirik. Ölkəmizdə heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu, bizim həyat tərzimizdir”.

Ötən illər ərzində ölkəmizdə bir çox dini abidələr, məscidlər, ibadətgahlar bərpa olunub və bu proses hazırda işğaldan azad olunmuş ərazilərdə də Heydər Əliyev Fondu tərəfindən sürətlə həyata keçirilir.

Azərbaycan, həmçinin dünyada İslam dəyərlərinin təbliğində mühüm rol oynayır, islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparır, mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün beynəlxalq forumlar keçirir.

Dəyərli Akademiya əməkdaşları, Sizi bir daha Ramazan bayramı münasibətilə təbrik edir, cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: