Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm beynəlxalq mədəni-ictimai hadisədir
28.10.2026 12:50
  • A-
  • A
  • A+

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm beynəlxalq mədəni-ictimai hadisədir

Onun Bakıda keçirilməsi ölkəmizin daim artan nüfuzundan xəbər verir

Mədəniyyətlərin qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və analoji süjet və obrazlar buna aşkar sübutdur.

Ellinizm dövründə isə yunan mədəniyyəti Şərq mədəniyyətinə ciddi təsir göstərdi. Orta əsrlərdə mədəni təsirin istiqaməti yenə də Şərqdən Qərbə yönəldi. Barbarların hücumları nəticəsində yunan-rum sivilizasiyası süquta uğradıqdan sonra məhz müsəlman mədəniyyəti antik və Avropa Renessans mədəniyyəti arasında vasitəçi oldu. Onu da qeyd edək ki, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin yaradıcılığında hələ XII əsrdə Şərq-Qərb paradiqması parlaq əksini tapmışdır. Yalnız hər iki sivilizasiyanın mədəni-fəlsəfi nailiyyətlərini dərindən mənimsəmiş müəllifin qələmindən “Xəmsə” kimi möhtəşəm əsər çıxa bilərdi. Xüsusən onun “İsgəndərnamə” poeması bəşər sivilizasiya tarixində mədəni sintezin ən parlaq nümunəsidir. Nizami Gəncəvinin təkcə Şərq ədəbiyyatı deyil, intibah dövrü Avropa ədəbiyyatına da təsiri məhz onun bu keyfiyyət səciyyəsindən irəli gəlir.

Bəşəriyyətin tərəqqisində hər yeni inkişaf mərhələsi Şərq və Qərb sivilizasiyaları nümunələrinin üzvi sintezi nəticəsində baş verirdi. Hətta orta əsrlər hind, Şərqi Asiya, Ön Asiya, Bizans və Qərbi Avropa mədəniyyətlərinin təmas xəttində “sərhəd mədəniyyəti” adlanan mədəniyyətlər yarandı. XIX əsrin 20-ci illərində dünya ədəbiyyatlarının ən parlaq nümunələri ilə gözəl tanış olan Höte ümumdünya ədəbiyyatı konsepsiyasını irəli sürdü.

Müasir dövrdə mədəniyyətlərarası dialoq prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında kommunikasiyanın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətlərində ümumi elementlərin artması ilə səciyyələnir. Bu hal bəzi tədqiqatçıları mədəniyyətlərin inteqrasiyası, vahid dünya mədəniyyətinin təşəkkülü, millətlərin və xalqların qovuşaraq “superetnos” yaradacağı barədə konsepsiyalar irəli sürməyə ruhlandırırsa, digər mütəxəssisləri, əksinə, sivilizasiyaların toqquşmasından, Şərq və Qərb mədəniyyətləri arasında dialoqun qeyri-mümkünlüyündən danışmağa sövq edir. Hətta bəziləri belə hesab edirlər ki, hər bir sivilizasiyanın əsasında din durur, dini etiqad və inanclar xalqların şüurunda dərin kök salmışdır və buna görə də sivilizasiyaların dialoqu mümkün deyil.

Zənnimizcə, hər iki konsepsiyada ifratçılığa meyil güclüdür və onlardan heç biri ilə tam razılaşmaq olmaz.

Əvvəla, hər bir mədəniyyət başqa mədəniyyətdən öz genotipinə və inkişaf məntiqinə görə fərqlənir. Bu o deməkdir ki, yekcins dünya mədəniyyətindən danışmağa dəyməz. İkincisi, böyük sivilizasiyalar özlərində birləşdirdikləri millətlərin və xalqların etnik xüsusiyyətlərini tamamilə silib aradan qaldıra bilmir: etnik xüsusiyyətləri və etnik kimliyi qoruyub saxlamaq əzmi hər bir xalqın şüurunda möhkəm yer tutmuşdur. Məsələn, bir vaxtlar Afrika qəbilələrinin islamlaşması heç də onların etnik xüsusiyyətlərinin büsbütün aradan qalxmasına, zənci-Afrika mədəniyyətinin simasızlaşmasına gətirib çıxarmamışdı. Təşəkkül tapan yeni mədəniyyətdə ərəb-islam mədəniyyətinin elementləri nə qədər yer almışdısa, ənənəvi Afrika mədəniyyətinin ünsürləri də o qədər təmsil olunmuşdu. Bu nisbət bizim günlərdə də qorunub saxlanır.

Üçüncüsü, zəmanəmizdə dünyanın müxtəlif yerlərində baş verən terror hadisələrini islam-xristian qarşıdurması kimi qələmə vermək cəhdləri yanlışdır. Bu hadisələrin arxasında, hər şeydən əvvəl geopolitik düzənin yenidən qurulmasından doğan ziddiyyətlər və konkret iqtisadi-siyasi maraqlar durur. Əks təqdirdə, biz yaxın keçmişdə baş vermiş İran-İraq müharibəsini, yaxud NATO-nun xristian Yuqoslaviya əleyhinə apardığı əməliyyatları izah etməkdə çətinlik çəkərik.

Hazırda ənənəvi mədəniyyətlərin, o cümlədən İslam mədəniyyətinin xarici mədəni təsirlərə müqaviməti güclənsə də, bu, sivilizasiyalar və dinlər arasında dialoqu istisna etmir. Dinc–yanaşı yaşamanın təmin edilməsinə yönəlmiş fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri də din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun mövcudluğudur. Belə ki, dialoq dinlərarası münasibətlərin düzgün məcrada cərəyan etməsinə və rəvan inkişafına zəmin yarada bilər. Dini konsepsiyaların böyük bir hissəsi insan haqqında ülvi təsəvvürləri, insan ləyaqətini qoruyan, insanı uca tutan dəyərləri ehtiva edir. Bu konsepsiyaların öyrənilməsi və kəsişmə nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Odur ki, dünyada inteqrasiya proseslərinin gücləndiyi bir şəraitdə sivilizasiyaların dialoqu həmişəkindən daha zəruridir. Lakin bu dialoqun hüdudları olmalıdır. Bu hüdudlar isə dialoqun mənəvi-əxlaqi nöqteyi-nəzərdən məqbulluq dərəcəsi ilə şərtlənir. Bu baxımdan dinin norma və idealları sivilizasiyalar arasında həqiqi dialoqun gerçəkləşməsi üçün daha əlverişli sayılmalıdır. Çünki dinlər, hər halda, əsas monoteist dinlər, özlərini İbrahim peyğəmbərin təkallahlılıq təlimi ilə bağlamaqla bir-biri arasında, deməli, sivilizasiyalar arasında da körpü salırlar. Digər tərəfdən, dinlər sivilizasiyalararası dialoq yolunda əsas maneə sayılan etnik separatizm meyillərini öz içərisində əridib yox etməyə çalışır.

Bütün dinlərdə dözümlülüyə çağırış var. Bu çağırış dinlərarası dialoq işində ən yararlı vasitə kimi geniş təbliğ edilməlidir. Tolerantlığın əsas prinsipi isə o olmalıdır ki, hər bir cəmiyyətin və fərdin bu və ya digər əqidəni, bu və ya digər həyat tərzini seçmək haqqı var. Bu haqqa qarşı zor işlədilməsi yolverilməzdir.

Dialoqun monoloqa çevrilməməsi və qarşılıqlı faydalı olması üçün dialoq qarşı tərəfi öz mövqeyindən döndərmək məqsədi güdməməli, tərəflər arasında fərqli və ixtilaflı məsələlərin deyil, müştərək məsələlərin ön plana çəkilməsinə üstünlük verməli, zora və təzyiqə söykənməməlidir.

Taleyin hökmü ilə Azərbaycan Respublikası coğrafi məkan baxımından Şərq və Qərbin qovşağında yerləşir, xalqımız isə zaman-zaman dünya mədəniyyətinə öz dəyərli töhfələrini verməklə yanaşı, hər iki sivilizasiyanın təsiri altında olmuşdur. “Qoca Şərqin qapısı” adlanan Azərbaycan min ildən çox bir müddətdə müsəlman mənəvi-mədəni arealına daxil olduqdan sonra çar Rusiyasının tərkibində yeni dəyərlər sistemi ilə tanış oldu və rus dili vasitəsi ilə mütərəqqi Avropa elmini və ictimai-siyasi fikrini mənimsədi, maarifçilik ideyalarını qavradı.

Beləliklə, Şərq və Qərb dəyərlər sisteminin Azərbaycanda qovuşması üçün əlverişli şərait yarandı. Elə o dövrdə hər iki sistemin dəyərlərini təcəssüm etdirən gözəl maarifçi ziyalılar nəsli yetişdi. Mütərəqqi Azərbaycan ziyalıları xalqın yeni dəyərlər sisteminə, sivilizasiyanın qabaqcıl nailiyyətlərinə yiyələnməsi uğrunda böyük iş apardılar. Onların davamçılarının yaradıcılığında Qərb ədəbi-fəlsəfi fikri, müxtəlif sivilizasiyaların vəhdəti problemi öz əksini tapdı. Bu proses bütün çətinliklərə baxmayaraq sovetlər dövründə də davam edirdi. Xalqın kütləvi savadlanması, dünya mədəniyyəti nailiyyətləri ilə yaxından tanış olması buna bariz nümunədir.

Totalitar sovet rejiminin dağılmasından bilavasitə sonrakı dövr bir vaxtlar sovet xalqları adlanan müsəlman Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının da tarixində ağır böhranlı dövr oldu. Azərbaycan üçün bu dövrün səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, ölkənin təkcə siyasi və sosial-iqtisadi müstəqilliyi deyil, həm də və daha çox mədəni-mənəvi müstəqilliyi gözlənilmədən başlanmışdı. SSRİ-nin dağılması ilə Azərbaycan istər-istəməz özü üçün tamamilə yeni bir tarixi reallığa daxil oldu – ölkə xarici aləmə müvafiq hazırlıq işi aparmadan açılmışdı.

Bir yandan, sovet dövründə xeyli sarsımış, varislik əlaqələrini itirmiş ənənəvi mədəniyyətlə, xüsusilə İslam mədəniyyəti ilə bağlı dəyərlər dirçəldilməyə başladı. Müsəlman Şərqi Azərbaycanı öz sıralarına qəbul etdi – ölkə İslam Konfransı Təşkilatının üzvü oldu. 1992-ci ildə qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Qanun müxtəlif müsəlman və qeyri-müsəlman məzhəb və təriqətlərinin Azərbaycanda sürətlə yayılmasına imkan yaratdı. Bu sahədə ortaya çıxan problemlər hələ də tamamilə aradan qaldırılmamışdır.

Digər tərəfdən, xalqın hələ təqribən 170 il öncə baş qaldırmış Avropa mədəniyyətinə, tərəqqiyə qovuşmaq əzmi yenidən alovlandı, Azərbaycan Avropa-Asiya məkanında yerləşən bir ölkə kimi Avropaya açıldı, Avropa Şurasına qəbul edildi. XX əsrin əvvəllərində meydana gələn, sonralar sovet dövründə unudulan “avropalaşma, müasirləşmə və islamlaşma” şüarı yenidən aktuallaşdı və Azərbaycanın dövlət bayrağında öz ifadəsini tapdı. Demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı, insan haqları, aşkarlıq və s. ilə bağlı dəyərlər haqlı olaraq cəmiyyətin inkişafı, müasirləşmənin, modernləşmənin meyarları kimi təqdim edildi. Bu meyarları qəbul etmək labüd idi, lakin asan iş deyildi.

Azərbaycan cəmiyyəti müstəqillik qazandıqdan sonra fərqli mədəniyyətlərin qovşağına düşmüş və bu mədəniyyətlərə eyni dərəcədə açılmışdır. Belə olan halda ziddiyyətlərin yaranması qaçılmaz idi. Bu xüsusən özünü ilk öncə mənəvi dəyərlər sahəsində büruzə verir. Bu zaman bütövlükdə cəmiyyətdən və onun ayrı-ayrı fərdlərindən yüksək dərəcədə sayıqlıq, ətraf aləmə münasibətdə rasional seçimi müəyyənləşdirmək bacarığı, uyğunlaşma, nədənsə imtina etmə, nəyisə qəbul etmə, ağıllı seçki qabiliyyəti tələb olunur. Cəmiyyət bütün bunları yalnız bir şərtlə uğurla yerinə yetirə bilər ki, öz “Mən”ini itirməsin.

Müasir insanın modernləşmə tələblərinə tam cavab verə bilməyən ənənəvi dəyərlərlə bu günün reallıqları arasında yaranmış ziddiyyət məngənəsində sıxılması bir çox müsəlman Şərqi ölkələri kimi, Azərbaycanın da hazırkı mədəni dinamikasının səciyyəvi cəhətlərindən biridir.

Zənnimizcə, dəyərlər münaqişəsinin Azərbaycan üçün ən məqbul həll yolu ənənəvi və modern dəyərlər sistemlərinin hansı birindənsə imtina etmək deyil, bu sistemlərin sintezi - mədəni sintez yolu ola bilər. Mədəni sintezi həyata keçirmədən ölkənin gələcək inkişafı və yeniləşməsi yollarını təsəvvürə gətirmək çətindir. Bu cür sintez təkcə Azərbaycan üçün deyil, bütün müsəlman dünyası üçün aktualdır və əldə ediləcəyi təqdirdə geniş bir məkanda model rolunu oynaya bilər, çünki Azərbaycan modernləşmə yolundakı nailiyyətləri ilə Şərqin əksər ölkələrini arxada qoymuşdur. Yalnız bu prinsiplərə əməl edildiyi təqdirdə biz üçüncü minillikdə zəmanəmizin əsas çağırışı – sivilizasiyaların dialoqunun davam etdiriləcəyinə ümid bəsləyə bilərik. Eyni zamanda, Azərbaycan dini tolerantlığın hökm sürdüyü unikal bir məkandır. Xalqımızın dinc–yanaşı yaşamaq ənənəsi tarixin dərinliklərindən gəlir. Təsadüfi deyil ki, Şərqdə ilk demokratik respublika və ilk demokratik təsisatlar hələ arxada qoyduğumuz əsrin əvvəllərində məhz Azərbaycanda yaranmışdı. Azərbaycanda mədəni irsin gücü və daxili dinamizmi, qərbləşmə yolundakı əvvəlki uğurları onun modernləşməyə uyğunlaşmaq qabiliyyətini artırır. Hazırda Avropa mədəniyyətinin praqmatik nailiyyətləri Azərbaycan cəmiyyətinin canına başqa müsəlman cəmiyyətlərinə nisbətən qat-qat çox hopmuşdur. Bu amillər modernləşmənin tələblərinə cavab verən dəyərlərin və həyat oriyentasiyalarının Azərbaycan cəmiyyətində yayılmasına və möhkəmlənməsinə geniş şərait yaradır.

Mədəni sintezin uğurla həyata keçirilməsi üçün daha mühüm bir amil nəzərə alınmalıdır. Bu gün minlərlə azərbaycanlı istər müsəlman dünyası, istərsə də müasir Avropa və Amerika mədəniyyətindən bilavasitə “təsirlənmək” imkanına malikdir. Biz Şərqdə, Avropa və ABŞ-da işləyən, təhsil alan, təcrübə keçən azərbaycanlıları nəzərdə tuturuq. Onlar nə vaxtsa Vətənə dönəcək, hər iki mədəniyyətin qeyri-ixtiyari ötürücüləri olacaq və beləliklə, mədəni sintezin gedişinə güclü təsir göstərə biləcəklər.

Tarix boyu bəşəriyyətin inkişafına hərəkətverici təsir göstərən ən böyük dühalar insanları təkamülə, birliyə, inkişafa və tərəqqiyə çağırıblar. Ümumilikdə, xalqlarımızın inkişafı və tərəqqisi naminə onların göstərdiyi yolla getmək hamımızın mənəvi borcu deyilmi?

İnanıram ki, ümummilli liderimizin əsasını qoyduğu və bu gün cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən ictimai-siyasi və iqtisadi siyasət Azərbaycanın hərtərəfli inkişafı yolunda daim öz bəhrəsini verir və ölkəmiz dünya ölkələri sırasına yüksək inkişafa malik, hər iki sivilizasiyanın ən gözəl nailiyyətlərini özündə birləşdirən modern bir dövlət kimi daxil olmaqdadır.

Gövhər BAXŞƏLİYEVA,

Akademik

“Xalq qəzeti”

  • Paylaş: