Hörmətli həmkarlar!
Sizi İslam dünyasının müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Müsəlman aləmində böyük sevinc və coşğu ilə qeyd edilən Qurban bayramı mənəvi birliyin yaradılması, xeyirxah işlərin görülməsi insanın Yaradana olan sevgisinin və inancının yer üzərindəki növbəti təzahürüdür.
Heç şübhəsiz, İslam dininin bu cür bəşəri dəyərləri xalqımızın mənəvi aləminin zənginləşməsində və dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır və nəticədə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələri əsrlərdir qarşılıqlı hörmət, tolerant və sülh və əmin-amanlıq şəraitində ölkəmizdə yaşayırlar.
Azərbaycanda İslam dini və onun dəyərləri daim yüksək tutulub, Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti illərində bütün sahələrdə olduğu kimi, dini dəyərlərimizin də qorunub saxlanılmasına çalışmış, müstəqillik illərində bu istiqamətdə bir çox önəmli addımlar atmışdır.
Ötən illər ərzində isə bu siyasət cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilmiş, bir çox dini abidələr bərpa edilmiş, yeniləri tikilmişdir və bu gün Azərbaycan islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparır, mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün beynəlxalq forumlar keçirir.
Bu il ilk dəfə olaraq Qurban bayramı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlət suverenliyimizin tam bərpa olunmasından sonra bütün ölkə ərazisində qeyd olunur, respublikamızın bütün ərazilərində qurbanlar kəsilir, dualar oxunur.
Hörmətli həmkarlar,
Sizi Qurban bayramı münasibətilə bir daha təbrik edir, cansağlığı və elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.