Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki
14.06.2023 21:30
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki

Hörmətli həmkarlar!

Müstəqil Azərbaycan dövlətinin və xalqının taleyində dönüş nöqtəsi olan Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin “Böyük xilaskarlıq missiyası” ilə ölkəmizin suverenliyini yox olmaq təhlükəsindən xilas etdiyi ən əlamətdar günlərdən biridir.

90-cı illərin əvvəllərində respublikada baş verən siyasi təlatümlər, hərc-mərclik, iqtisadi böhran və ən başlıcası Ermənistanın ərazi iddiaları ilə başlatdığı Qarabağ müharibəsi Azərbaycanın dövlət müstəqilliyini təhlükə altına almışdı və belə bir vaxtda xalqımız çıxış yolunu yalnız bütün həyatını və amalını dövlətinə və xalqına həsr etmiş Heydər Əliyevdə görürdü. Çünki Heydər Əliyev görkəmli dövlət xadimi kimi sovet hakimiyyəti illərində şərəflə ölkəmizə rəhbərlik etmiş, Moskvada işlədiyi illərdə daim Azərbaycanın problemləri ilə maraqlanmış və nəhayət 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi blokadada olan muxtar respublikanı çətin şəraitdən çıxarmışdı.

Xalqımızın, ziyalılarımızın, alimlərimizin çoxsaylı müraciətləri, eləcə də ovaxtkı ölkə rəhbərliyinin siyasi böhranda çıxış yolunu Heydər Əliyev dühasında görməsi, ən əsası Azərbaycana, Vətəninə olan sevgisi dahi lideri Naxçıvandan Bakıya gətirən səbəblər idi və Ulu Öndər qısa müddətdə atdığı addımlarla qardaş qırğınının qarşısını aldı, ölkəmizi vətəndaş müharibəsindən xilas etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, möhkəmləndirmək, iqtisadi dirçəlişə nail olmaq istiqamətində önəmli addımlar atdı.

Ulu Öndər respublikada yenidən hakimiyyətə qayıdandan sonra ilk görüşlərindən birini məhz 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında alimlərlə, ziyalılarla keçirtdi və tarixi nitqlə çıxış etdi: “Bu gün, şübhəsiz ki, hər bir kəsi, o cümlədən ziyalıları ən çox maraqlandıran və eyni zamanda ən çox narahat edən Azərbaycan Respublikasının indiki vəziyyətidir. Bu, hər bir Azərbaycan vətəndaşını düşündürür, narahat edir və ən çox, şübhəsiz ki, ziyalıları, intellektual səviyyəli adamları düşündürür. ...Mən nə vəzifə tutmaq üçün, nə də Azərbaycanın dövlət başçısı olmaq üçün mübarizə aparmamışam, indi də aparmıram. Ancaq doğrudan da, əgər indi Azərbaycan xalqının, respublikanın mənə ehtiyacı varsa, özümü kənara çəkə bilmərəm. ...İndi də təkrar edirəm ki, mən heç bir vəd vermirəm. Yalnız bir şeyi vəd edə bilərəm: Azərbaycan xalqına, millətimə, torpağıma sadiq olmuşam və ömrüm boyu da sadiq olacağam. Həyatımın son dəqiqəsinədək xalqıma xidmət edəcəyəm və ömrümün bundan sonrakı illərini də xalqıma bəxş edirəm”.

Daim adı müstəqil və güclü Azərbaycan dövləti ilə bir səsləşən Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə hərc-mərcliyə son qoyuldu, Ermənistanla atəşkəs imzalandı, “Əsrin müqaviləsi” ilə ölkəyə investisiya axını başladı, dövlət təsisatları yenidən formalaşdırıldı, ordu quruculuğu, elm, təhsil, mədəniyyət sahələrində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təşkilatların üzvü və etibarlı tərəfdaşı oldu, Ulu Öndər söz verdiyi kimi son nəfəsinədək xalqına, dövlətinə xidmət etdi.

Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyev epoxasının təməlləri üzərində müasir dövrün çağırışları işığında Azərbaycanı inkişafının ən yüksək mərhələsinə qaldırıb, Ali Baş Komandanın Liderliyi, Ulu Öndərin Azərbaycançılıq ideologiyası ilə yetişən vətənpərvər nəslin şücaəti sayəsində qazanılmış Qarabağ Zəfəri ilə isə Prezident İlham Əliyev adını dövlətimizin tarixinə əbədi olaraq qızıl hərflərlə yazdırıb.

Dəyərli Akademiya əməkdaşları, Sizi Qurtuluş Günü münasibətilə təbrik edir, cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: