Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələri təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən Azərbaycan kəndlərini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoymuşlar. Dinc sakinlər və hərbi qulluqçular arasında itkilərə gətirib çıxaran bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışlar. Qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində Füzuli rayonunun işğal altında olan 6, Cəbrayılın isə 1 kəndi erməni qəsbkarlarından təmizlənmişdir. Həmçinin Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, ordumuz Ağdərə istiqamətində də əminliklə irəliləyərək, strateji əhəmiyyətə malik mövqeləri öz nəzarətinə götürmüşdür. Döyüş əməliyyatlarının gedişində erməni ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmən çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalmışdır. Təsadüfi deyil ki, Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev ordumuzun qazandığı uğurları haqlı olaraq ciddi hərbi qələbə kimi səciyyələndirərək, xalqımızı təbrik etmişdir.
Bu parlaq qələbə heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsidir. Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri həqiqətən də bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadirdirlər.
Ölkə başçısı cənab İlham Əliyevi və xalqımızı əmin edirik ki, Azərbayvan Milli Elmlər Akademiyasının kollektivi hər zaman olduğu kimi bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da möhtərəm Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir və müdafiə edir. Erməni təxribatı nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik, ordumuzdan isə yeni zəfər müjdələri gözləyirik.
Cəbhədən gələn hər növbəti qələbə xəbəri bütün azərbaycanlılar kimi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarında da böyük qürur hissi oyatmış, vətənpərvərlik duyğularını qüvvətləndirmişdir. Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndiyə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı kimi alimlərimiz də ürəkdən əmindirlər. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü hamımız səbirsizliklə gözləyir, bu günün o qədər də uzaqda olmadığına bütün varlığımızla inanırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.