Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.09.2020 17:50
  • A-
  • A
  • A+

YT Parkın rezidenti olmağa namizəd şirkətin nümayəndələri ilə görüş keçirilib

YT Parkın rezidenti olmağa namizəd şirkətin nümayəndələri ilə görüş keçirilib

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) bu qurumun rezidenti olmağa namizəd şirkət – “Eninco Engineering B.V.”nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, professor Elton Məmmədov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, YT Parkın direktoru Vasif Abbasov, Dəmir Texniki Mərkəzinin rəhbəri Tamara Yusifova, eləcə də “Eninco Engineering B.V.”nin icraçı direktoru, Dr. Reza Javaherdaşti, həmin qurumun direktoru Dr. Arezoo və YT Parkın nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin YT Parkdakı büstü ziyarət olunub, büstün önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.

Görüşdə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribat nəticəsində gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Vasif Abbasov rəhbərlik etdiyi texnoparkın artıq 4 ildir ki, fəaliyyət göstərdiyini və xarici investrlar üçün ideal platforma olduğunu bildirib. O, YT Parkın yerli və beynəlxalq tərəfdaşlıqlara böyük önəm verdiyini vurğulayaraq, bugünkü görüşün keçirilməsinin əhəmiyyətindən danışıb, tədbirin hər iki tərəf üçün məhsuldar olacağına əminliyini ifadə edib.

Daha sonra Niderlandın “Eninco Engineering B.V.” şirkətinin icraçı direktoru Dr. Reza Javaherdaşti “Mikrob korroziyası və onun Azərbaycan Respublikası üçün əhəmiyyəti haqqında qısa məlumat” mövzusunda məruzə ilə çıxış edib. Dr. Reza Javaherdaşti borularda, platformalarda, gəmilərdə və s. rast gəlinən mikrob korroziyası ilə mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, mikrob korroziyası təbiətdə orqanizmlərin mövcudluğu və fəaliyyəti nəticəsində baş verən elektrokimyəvi korroziyadır.

O, mikrob korroziyası qarşısında həssas olan sistemləri diqqətə çatdırıb, bu korroziyanın təsiri ilə yararsız hala düşmüş sistemlərə dair nümunələr təqdim edib. R.Javaherdaşti mikrob korroziyası ilə mexaniki, elektrik, kimyəvi və bioloji mübarizə metodlarından bəhs edərək, bu sahədə dünyada aparılan tədqiqatları nəzərə çatdırıb.

Sonra “Eninco Engineering B.V.”nin direktoru Dr. Arezoo şirkətin fəaliyyət istiqamətləri haqqında məlumat verib, müəssisə tərəfindən təklif olunan məhsulları diqqətə çatdırıb.

O, Günəş panellərinin enerji effektivliyini artırmağa kömək edən örtüklər, xəstəxanalarda və evlərdə tətbiqi nəzərdə tutulan mikrob əleyhinə örtüklər, eləcə də təkmilləşdirilmiş poliasparagin qoruyucu örtüklərində istifadə olunan nanotexnologiyanın üstünlüklərindən danışıb. Arezoonun sözlərinə görə, bu “ağıllı” örtük-boyalar hava şəraitinə uyğunlaşaraq özünü tənzimləmək imkanına malikdir. Məruzəçi qeyd olunan texnologiyanın yenilik olduğunu bildirərək, dünyanın aparıcı ölkələrində bu sahədə aparılan araşdırmalardan bəhs edib.

Tədbirdə çıxış edən akademik Vaqif Abbasov “Eninco Engineering B.V.” şirkətinin müvafiq sahədə fəaliyyətini yüksək qiymətləndirib. O, şirkət nümayəndələrini rəhbərlik etdiyi qurumda yaradılmış şərait və mövcud avadanlıqlarla tanış olmaq üçün Neft-Kimya Prosesləri İnstitutuna dəvət edib.

Görüşün yekununda layihələrin icrası ilə bağlı gələcək planlar nəzərdən keçirilib, gözlənilən nəticələr haqqında ətraflı məlumat verilib. Tərəflər layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, tədbirin ikinci günündə layihələr üzərində test əməliyyatlarının keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: