Belarus Milli Elmlər Akademiyasının (BMEA) sədrliyi ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası (BEAA) Şurasının 33-cü iclası videokonfrans formatında keçirilib. Tədbirə MDB ölkələri, Çin Xalq Respublikası, Monteneqro, Monqolustan, Vyetnamdan BEAA-nın tamhüquqlu və assosiativ üzvü olan elmlər akademiyaları, aparıcı universitetlər, tədqiqat institutları və elm fondlarının rəhbərləri qatılıblar.
İclasda BEAA-nın tamhüquqlu üzvü olan Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev iştirak ediblər.
BMEA-nın sədri, BEAA-nın rəhbəri akademik Vladimir Qusakov 2019-2020-ci illər ərzində Assosiasiyanın fəaliyyət nəticələri və 2021-ci il üçün qarşıya qoyulan vəzifələri haqqında məlumat verib. BEAA-nın elmi şuraları, onların tərkibi, Gənc Alimlər Şurasının əsasnaməsi müzakirəyə çıxarılıb. Tədbir zamanı M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzi, Moskva Fizika və Texnika İnstitutu, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Rusiya Fundamental Tədqiqatlar Fondu BEAA-nın tamhüquqlu üzvü kimi təsdiq edilib.
Assosiasiyanın əsasnaməsində bəzi dəyişikliklərin edilməsi müzakirə edilib və ilk dəfə olaraq BEAA-nın həqiqi üzvlərinin seçilməsi üzrə müddəa əlavə edilib. Həqiqi üzvlüyə ilk olaraq BEAA-nın fəaliyyətində və elmdə böyük töhfələri olmuş alimlərin seçilməsi təklif edilib.
Assosiasiya üzvləri Azərbaycan tərəfindən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin namizədliyini irəli sürüb. Builki namizədlərin siyahısına, həmçinin BMEA aparatının rəhbəri, BEAA-nın sədr müavini Pyotr Vityaz, Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzinin prezidenti Mixail Kovalçuk, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy, Moskva Fizika və Texnika İnstitutunun rektoru Nikolay Kudryavtsev, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Viktor Matveyev, Rusiya Fundamental Tədqiqatlar Fondu Şurasının sədri Vladislav Pançenko, Rusiya Elmlər Akademiyasının (REA) Sibir Bölməsinin sədri Valentin Parmon, REA-nın vitse-prezidenti Vladimir Çexonin, Ukrayna Milli Elmlər Akademiyasının vitse-prezidenti Anton Naumovetsin adları daxil edilib. Seçimlər açıq səsvermə yolu ilə keçirilib və namizədlər BEAA-nın həqiqi üzvlüyünə yekdilliklə qəbul edilib.
AMEA kollektivi adından akademik Ramiz Mehdiyevi BEAA-nın həqiqi üzvü seçilməsi münasibətilə ürəkdən təbrik edirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.