Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Terrorçu Ermənistan dövləti beynəlxalq hüquq normalarına qəti surətdə əməl etmir
07.10.2020 15:32
  • A-
  • A
  • A+

Terrorçu Ermənistan dövləti beynəlxalq hüquq normalarına qəti surətdə əməl etmir

2020-ci il sentyabr ayının 27-dən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmalarına cavab olaraq Azərbaycan Ordusu əks hücuma keçdi.

Azərbaycan Ordusunun qələbələri və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti qarşısında dayana bilməyən, artıq öz məğlubiyyətini görən Ermənistan hazırda yalnız Dağlıq Qarabağ, ətraf rayonlar, sərhəd rayonlarında olan mülki əhalini deyil, həmçinin bu ərazilərdən çox-çox uzaqda olan sənaye əhəmiyyətli şəhərləri, mülki əhalini hədəfə alır, öz ərazisindən - Gorus, Sisian, Cermuk və Berd şəhərlərindən Azərbaycanın şəhərlərini, mülki əhalini, obyektləri atəşə tutur.

Ermənistanın oktyabrın 4-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri, Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə iki 300 km məsafəli orta mənzilli raketi, su anbarı və əsas elektrik stansiyası yerləşən Mingəçevirə, oktyabrın 6-da regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirməsi terror faktıdır, əhalidə qorxu, panika yaradılmasına, müharibə şəraitində əhalini enerjisiz qoymağa, iqtisadiyyata zərər vurulmasına, üçüncü dövlətləri müharibəyə cəlb etməyə yönəlib.

Ermənistanın bu mənfur siyasəti nəticəsində mülki əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar həlak olurlar, yaralanırlar. Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin Naftalan rayonunun mülki əhalisini toplarla atəşə tutmaları nəticəsində bütöv bir ailə - 5 nəfər, o cümlədən ailənin məktəbli olan iki övladı - 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, sentyabrın 28-də Tərtəri artelleriya atəşinə tutmaları nəticəsində bir ailənin iki üzvü Abbasov Xaliq və Abbasov Elşən, oktyabrın 3-də düşmənin top atəşi nəticəsində Beyləqanda yenə bir ailənin iki üzvü - İsmayılova Zülfiyyə və Əsədova Arzu həlak oldular. Yalnız sentyabrın 27-dən etibarən Ermənistanın mülki əhaliyə hücumu nəticəsində 28 nəfər həlak olub, 145 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyekt dağıdılıb. Həlak olanlardan 5 nəfəri qadın, 3 nəfəri uşaq, yaralananlardan 30 nəfəri qadın, 7 nəfəri uşaqdır.

Digər tərəfdən Azərbaycanda xalq-ordu-Prezident həmrəyliyini görməkdə kor olan Ermənistanın məqsədi Azərbaycan əhalisi arasında panika yaratmaq, öz işğalçılıq siyasətini asanlıqla davam etdirməkdir. Lakin Ermənistanın döyüş bölgəsindən kənar əraziləri, mülki əhalini atəşə tutması, mülki əhali arasında həlak olanların, yaralananların olması, kütləvi dağıntılar insanları daha da qəzəbləndirir. Azərbaycan Ordusuna və Ali Baş Komandana güvənən xalqımız heç bir təxribata uymur və torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün daha qətiyyətlə mübarizə aparır.

Beynəlxalq sənədlər silahlı münaqişələrdə vətəndaşların hüquqlarının qorunmasında vacib mexanizmdir. Lakin mülkü əhalinin müharibələr dövründə qorunması ilə birbaşa bağlı olan bir çox konvensiyala-1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında IV Haaqa konvensiyası, 1949-cu il 12 avqust tarixli Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair dördüncü Cenevrə konvensiyası və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol, 1954-cü il Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası, 1999-cu il ona əlavə protokol, Baş Məclisin 1974-cü il 14 dekabr tarixli qətnaməsinə əsasən qəbul etdiyi Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bəyannamə, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il 10 dekabr tarixli konvensiya,1989-cu il uşaq hüquqları konvensiyası və insanlığın müdafiəsinə yönəldilmiş bir çox konvensiyalar Ermənistan tərəfindən  pozulur.

Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında  bəyannamənin 1-ci bəndində deyilir ki, mülki əhaliyə, xüsusən də onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzab-əziyyətlər gətirən hücumlar, bombalamalar qadağan edilir və belə hərəkət pislənilməlidir. 5-ci bəndə görə isə müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə həbs etmə, işgəncə vermə, güllələmə, kollektiv cəzalandırma, mənzilləri dağıtma və yaşayış yerlərindən zorla qovma daxil olmaqla, qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddar, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər hesab edilir.

Uşaq hüquqları konvensiyasının 4-cü maddəsində isə yazılır: “Silahlı münaqişələr zamanı mülki əhalinin qorunması, beynəlxalq hüquq normalarına riayət etmək üçün iştirakçı dövlətlər uşaqların qorunması və onların münaqişə zonasından çıxarılmasını təmin etmək məqsədilə bütün mümkün tədbirlərdən istifadə etməlidirlər”.

1949-cu il 12 avqust tarixli Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair dördüncü Cenevrə konvensiyası və 1977-ci il beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına  I əlavə protokolun, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın, Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyanın, uşaq hüquqları konvensiyasının, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında konvensiyanın, İşgəncələr əleyhinə konvensiyanın, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasının “iştirakçısı” olan Ermənistan bu beynəlxalq hüquq normalarından irəli gələn öhdəlikləri yerinə yetirmir. Dünyada qadağan olunmuş silahlardan XXI əsrdə insanlığa qarşı istifadə edən barbar, terrorçu Ermənistan dövləti dünya dövlətləri tərəfindən qəbul edilən heç bir beynəlxalq hüquq normasına məhəl qoymur, Azərbaycana qarşı hərbi təcavüzə başladığı gündən etibarən uşaqları, qadınları, qocaları qətlə yetirməkdə davam edir və bütün bunlar dünya birliyi tərəfindən sükutla qarşılanır, cinayətkar, terrorçu Ermənistan hökuməti cəzasıq qaldığı üçün daha da şirniklənir və daha çox cinayətlərə əl atır. Haqlı olaraq BMT-dən Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 məlum qətnamədən çıxış edərək Ermənistanın bu barbar siyasətinə reaksiya göstərməsi gözlənilir.

Ramilə DADAŞOVA, AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: