Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı
23.10.2020 13:48
  • A-
  • A
  • A+

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı

Məlum olduğu kimi 23 oktyabr 2020-ci il tarixində telejurnalist Qulu Məhərrəmli Modern.az saytına verdiyi müsahibəsində əsassız olaraq AMEA kollektivini Azərbaycan Ordusunun Qarabağda apardığı anti-terror əməliyyatına səssiz qalmaqda, laqeyd münasibət göstərməkdə günahlandırmışdır. AMEA-nın rəsmi saytını, həmçinin Azərbaycan mətbuatını diqqətlə izləyən hər kəsə məlumdur ki, müharibənin başladığı ilk saatlarda AMEA-nın Rəyasət Heyəti yaydığı bəyanatında akademiya kollektivinin Qarabağın azadlığı məsələsində cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini və bütün imkanları ilə ordumuzun yanında olduğunu bəyan etmişdir. Həmin bəyanatın mətni AZƏRTAC tərəfindən də yayımlanmışdır. Müharibənin sonrakı günlərində də istər AMEA-nın prezidenti, istərsə də Rəyasət Heyətinin üzvləri və ayrı-ayrı institutların direktorları dövri mətbuatda məqalələrlə və müsahibələrlə çıxış etmişlər. Təkcə bir nümunəni xatırlatmaq kifayət edər ki, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Samid Bağırov mütəmadi olaraq İraqın “əl-İtticah” və “əl-Afaq”, İranın “əl-Aləm” televiziya kanallarında, Livanın “U.NEWS” informasiya agentliklərinə ərəb dilində verdiyi müsahibələrdə müsəlman dünyasına Azərbaycanın üzləşdiyi işğal faktı və ordumuzun apardığı anti-terror əməliyyatı haqqında ətraflı məlumat vermişdir.

AMEA rəhbərinin ordumuzun qələbələrilə bağlı bəyanatları isə qurumun rəsmi saytında yerləşdirilib və arzu edən hər kəs onların mətnilə tanış ola bilər. Eyni zamanda, AMEA prezidentinin Qarabağ həqiqətləri, Ermənistanın hərbi cinayətləri haqqında məqalə və bəyanatları ərəb, fars və ingilis dillərinə tərcümə edilərək “ENTER.NEWS” saytı vasitəsilə xarici auditoriyanın diqqətinə çatdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir və onların nəticələri haqqında ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Qulu Məhərrəmlinin diqqətinə çatdırmaq istəyirik ki, AMEA-nın ordumuza və Qarabağın azadlığı uğrunda aparılan mübarizəyə töhfəsi yalnız alimlərin məqalələrilə, çıxışlarla kifayətlənməyib. AMEA tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 330.000 manatdan artıq vəsait keçirilmiş, həmçinin qurumun rəhbəri akademik Ramiz Mehdiyevin tapşırığı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı ordumuza dəstək məqsədilə cəbhəyə isti geyim, yuyucu vasitələr və mühərrik yağları göndərmişdir. Bu proses ordumuzun zəfər yürüşü başa çatan anadək davam edəcəkdir. Sual olunur, bəs Qulu Məhərrəmlinin özü xalqımızın apardığı Vətən müharibəsinə hansı töhfəni verib? Onun bu suala verəcəyi cavab çox maraqlı olardı.

Çox təəssüf ki, özünü Azərbaycan mətbuatının bilicisi hesab edən, hər şeyi qara rəngdə görməyə çalışan Qulu Məhərrəmli bütün bu faktları görməzdən gəlir. AMEA-ya qarşı tutduğu qərəzli mövqe ona həqiqətləri dilə gətirməyə imkan vermir.  Özünü qələm sahibi hesab edən biri şəxsi qərəzin, subyektivliyin əsiri olmamalıdır. Həqiqətləri görmək və onları olduğu kimi təqdim etmək hər bir peşəkar jurnalistin vəzifə borcu və başlıca amalı olmalıdır. Biz Qulu Məhərrəmliyə dövri mətbuatı diqqətlə nəzərdən keçirməyi, AMEA-nın rəsmi saytını mütəmadi olaraq izləməyi və obyektiv olmağı tövsiyə edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: