AMEA İqtisadiyyat İnstitutunda bu elmi müəssisənin və“Xalq qəzeti”nin birgə təşkilatçılığı ilə “İlham Əliyev strateji hədəfləri fəth edən yeni təfəkkürlü liderdir” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə institutun direktoru, professor İsa Alıyev müstəqil dövlətimizin banisi və qurucusu, ümummilli lider Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışıb, ulu öndərin ideyalarının AR Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı tərəfindən aparılan siyasətin uğurlu nəticələrindən bəhs edən alim Azərbaycanın sürətlə inkişaf etdiyini, dünyanın öndə gedən ölkələrindən biri olduğunu söyləyib. Bildirilib ki, yalnız 2003-2010-cu illərdə ümumi daxili məhsul real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artmışdır. Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov, iqtisad elmləri doktoru Tofiq Hüseynov, institutun şöbə müdiri İlkin Soltanlı və başqaları Prezident İlham Əliyev siyasətinin əhəmiyyətindən danışıblar. Tədbir çərçivəsində professor İsa Alıyevin “Strateji hədəfləri fəth edən yeni təfəkkürlü lider” kitabının təqdimatı da keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.