Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.05.2024 11:28
  • A-
  • A
  • A+

“Cənub regionunda uzunömürlülüyün sosial-bioloji xüsusiyyətləri və ekoloji amillərin rolu” mövzusunda seminar keçirilib

“Cənub regionunda uzunömürlülüyün sosial-bioloji xüsusiyyətləri və ekoloji amillərin rolu” mövzusunda seminar keçirilib

Lənkəran Regional Elmi Mərkəzində “Cənub regionunda uzunömürlülüyün sosial-bioloji xüsusiyyətləri və ekoloji amillərin rolu” mövzusunda elmi seminar keçirilib.

AMEA-nın Lənkəran REM-də bu mövzuda keçirilən elmi seminarı  giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev müzakirə olunan mövzunun aktuallığını söyləyib,  Azərbaycanda uzunömürlülərin müxtəlif regionlarda yaşadıqlarını,  onların ən çox Cənub bölgəsində qeydə alındığını, bu regionun əhalisi arasında uzunömürlü insanların, xüsusilə yaşı yüzü ötənlərin diqqəti cəlb etdiyini vurğulayıb.

Sonra Lənkəran REM-nin elmi işlər üzrə üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynovanın “Cənub bölgəsində uzunömürlülüyün tədqiqi” mövzusunda slayd vasitəsilə məruzəsi dinlənilib. O, qeyd edib ki, əvvəlki tədqiqat işlərində bu bölgədə yaşayan uzunömürlülərin sağlamlıq durumu, kardiovaskulyar sistemin yaşdan asılı dəyişiklikləri öyrənilib. Müəyyən edilib ki, Lənkəran rayonunda şəhərdə yaşayan uzunömürlülərin sayı kənddə yaşayan uzunömürlülərin üçdə birini təşkil edir. Bu baxımdan ekoloji və genetik faktorların, həyat tərzinin, yaşla bağlı patoloji dəyişikliklərin intensivliyinin, sosial statusunun, ailə-məişət ənənələrinin, tibbi nəzarətin uzunömürlülük fenomeninə təsiri araşdırılıb.

Elmi seminarda iştirak edən Lənkəran Tibb Kollecinin tələbələrindən Sadiq Heydərli, Nisə Ağayeva, Gülnaz Hadiyeva və Musa Rzayevin sualları cavablandırılıb.

Tədbiri yekunlaşdıran direktor Mehman Əliyev mərkəzin əməkdaşı İltifat Əhmədova səmərəli və məhsuldar fəaliyyətinə görə təşəkkürnamə təqdim edib, Lənkəran Tibb Kollecinin rəhbərliyinə, müəllim-tələbə heyətinə və bütün iştirakçılara minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: