AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunan dəyirmi masa keçirilib.
Mərasimdə Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü tədbirin Prezident İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamına əsasən təşkil edildiyini bildirib. O, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin 140 illiyinin keçirilməsinin yalnız xalqımızın musiqi mədəniyyətinin deyil, həm də milli mənəviyyatımızın təbliğ olunması baxımından əhəmiyyətini qeyd edib.
Sonra Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.e.d., dos. Kamil Adışirinovun “Üzeyir Hacıbəylinin maarifçilik fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi Üzeyir Hacıbəylinin milli operamızın banisi, istedadlı jurnalist, Azərbaycan ictimai fikir tarixində özünəməxsus yer tutan görkəmli ictimai-siyasi xadim olmaqla yanaşı, həm də görkəmli pedaqoq, uşaqlar üçün dərslik müəllifi, musiqi məktəbinin və konservatoriyanın təşkilatçısı olmasına diqqət çəkib.
Kamil Adışirinov böyük mütəfəkkirin maarifçilik görüşlərindəki millətin tərəqqisi və oyanışında, milli dirçəliş və özünüdərk hisslərinin yaranmasında, xalqın mədəni yüksəlişində maarif, təhsil, elm və mədəniyyətin vəhdətini, milli istiqlala aparan yolun ana dilində tədrisdən keçməsini, Şərq və Qərb mədəniyyətinin sintezinin vacibliyi kimi mühüm məsələləri nəzərə çatdırıb. Həmçinin Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan dili ilə bağlı lüğətlərin tərtibinin xüsusi yer tutduğu diqqətə çatdırılıb.
Dəyirmi masa müzakirələr ətrafında davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.