Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.12.2020 14:15
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun 2020-ci ildəki fəaliyyəti müzakirə olunub

İqtisadiyyat İnstitutunun 2020-ci ildəki fəaliyyəti müzakirə olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının onlayn rejimdə növbəti iclası keçirilib.

İnstitutun direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə baş tutan tədbirdə qurumun 2020-ci ildəki elmi-tədqiqat fəaliyyətinə dair hesabatı dinlənilib.

Yığıncaqda Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev də iştirak edib.

Tədbiri N.İmanov açaraq Azərbaycan ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi və Zəfər Paradı münasibətilə şura üzvlərini təbrik edib, şəhidlərin ruhu yad olunub.

Sonra müəssisənin elmi işlər üzrə direktor müavini, dosent Allahyar Muradov təqdimatla çıxış edərək bildirib ki, İqtisadiyyat İnstitutu ordumuza dəstək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 13 min 63 manat, Həmkarlar Komitəsi isə 1000 AZN vəsait köçürüb. O, tanınmış xarici iqtisadçı alimlərin Qarabağ savaşında Azərbaycanın haqq işinə dəstək verdiklərini vurğulayıb.

Qeyd edib ki, cari ildə Nazirlər Kabinetinin 3 oktyabr 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi qaydası” təsdiqlənib. Habelə işğaldan azad edilmiş ərazilərin bərpa proqramlarının hazırlanması üzrə ölkəmizdə həyata keçiriləcək sistemli fəaliyyətə töhfə vermək məqsədilə institutda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb.

A.Muradovun sözlərinə görə, 2020-ci ildə müəssisədə “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” (2019-2021-ci illər) mövzusunda tədqiqatlar aparılıb. Tədqiqatlar zamanı 20 dövlət qurumundan 11 nazirlik və 9 dövlət komitəsi və agentliyindən daxil olmuş təkliflər nəzərə alınıb. Ümumi tədqiqat 21 beynəlxalq reytinq üzrə aparılıb. Habelə institutun özünün 4 reytinqi - İS(S)İ – 2019 (2014-cü ildən bəri hər il hazırlanır. Son hesabat: İqtisadi inkişaf strategiyasının seçilməsi imkanları), Azərbaycanda sosial-iqtisadi inkişaf – 2020 (iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların sosial-iqtisadi inkişaf üzrə reytinqi), Azərbaycanda iqtisadi potensialın reallaşdırılması – 2020 (iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların iqtisadi potensialının reallaşdırılması üzrə reytinqi) və Azərbaycanda həyat keyfiyyəti (iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların həyat keyfiyyəti üzrə reytinqi) reytinqləri üzrə tədqiqatlar aparılıb.

Bundan əlavə, İqtisadiyyat İnstitutu 2020-ci ildə də bir sıra dövlət proqramlarının hazırlanmasında və icrasında yaxından iştirak edib. Müəssisə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədi ilə yaradılmış 18 işçi qrupdan 8-ində təmsil olunur. Habelə milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritələrinin icrası (İqtisadiyyat Nazirliyi nəzdində) və energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının hazırlanması üzrə işçi qruplarında iştirak edir.

İl ərzində qurumun əməkdaşları 10-dan çox beynəlxalq konfrans və foruma onlayn qatılıb, kütləvi informasiya vasitələrində mütəmadi çıxışlar edib, məqalələri nəşr olunub. İnstitutun 50-yə yaxın əməkdaşı ölkə səviyyəli 15-ə yaxın videokonfransa qatılıb. 2020-ci ildə ümumilikdə 230 elmi əsər, o cümlədən 1 dərslik, 8 monoqrafiya, beynəlxalq nüfuzlu bazalara daxil olan jurnallarda 31 məqalə işıq üzü görüb. İqtisadiyyat İnstitutunda elmlər doktoru hazırlığı üzrə dissertantların sayı 22, fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların sayı isə 49 nəfərdir.

Sonra 2020-ci ildə görülən işlər ətrafında geniş müzakirələr aparılıb. Elmi şuranın üzvləri növbəti ildə aparılacaq elmi tədqiqatlarla bağlı fikirlərini bölüşüblər.

İclasda çıxış edən akademik Şahin Mustafayev böyük qələbə ilə bitən Vətən müharibəsindən sonra ölkə iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində iqtisadçı alimlərin üzərinə düşən vəzifələr, Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılmasının əhəmiyyəti və gələcək fəaliyyətindən gözləntilər barədə danışıb.

Sonda şuranın qərarı ilə dosentlər Rəsmiyyə Abdullayevanın “Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” və Leyli Allahverdiyevanın “Şəbəkə hazırlığı indeksi – 2019: Azərbaycanda elektron xidmətlərin inkişafı” adlı monoqrafiyaları çapa tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: