Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

15.12.2020 14:25
  • A-
  • A
  • A+

Mərzili abidəsinin tarixçəsi

Mərzili abidəsinin tarixçəsi

Görkəmli Azərbaycan alimi Xudu Məmmədov kristalloqrafiya sahəsində qazandığı elmi uğurlarına görə artıq 1960-cı illərdən başlayaraq dünyada tanınmışdı. Məşğul olduğu elmi araşdırmaları qədər, dəyər verdiyi bir şakəri də var idi Xudu müəllimin.

Bu, fonsuz həndəsi naxış yaradıcılığı idi. Şərqdə isə bu qəbildən olan naxışların çox qədim tarixi və geniş yayılma arealı var. Bu ornamentlərin tarixi coğrafiyası, evolyusiyası, quruluş prinsipləri, türk tətbiqi sənətindəki yeri, yeni nümunələrin yaradılması, inkişaf perspektivləri və sair bu hobbinin sualları idi.  Avropada analoji naxışlar ilk dəfə XX əsrin 30-cu illərində holland rəssamı M.K.Eşer (Maurits Cornelis Escher, 1898-1972) tərəfindən stilizə olunmuş canlı fiqurlarından yaradılmışdı.

1975-ci ildə Azərbaycan EA Fizika İnstitutunda ABŞ-dan alınmış rentgen difraktometri və elektron hesablama sistemi əsasında çağın ən qabaqcıl elmi laboratoriyalarından biri qurulmuşdu. Belə avadanlığın alınması Azərbaycanın elmi həyatında böyük hadisə idi və bu münasibətlə Bakıda ümumittifaq miqyaslı sərgi keçirilmişdi. SSRİ-nin valyuta ehtiyatları çox məhdud idi, hətta paytaxt Moskvanın da kapitalist ölkələrindən bahalı avadanlıqlar almaq imkanları yox dərəcəsində idi. Bizə isə bu imkan böyük Heydər Əliyevin əzmkarlığı hesabına qismət olmuşdu. İki il sonra Heydər Əliyev SSRİ MK katibi Mixail Zimyaninlə birlikdə bu laboratoriyanı ziyarət edərək əməkdaşlarla maraqlı söhbətləri olmuşdu.

Yeni laboratoriyaya Xudu Məmmədov rəhbərlik edirdi. Burada çalışa biləcək gəncləri tapmaq üçün bütün ölkədə seçim aparılırdı. Mən o zaman Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini iki il əvvəl bitirmişdim və Kimya İnstitutunda Xudu müəllimin rəhbəri olduğu Quruluş kimyası laboratoriyasında baş laborant vəzifəsində çalışırdım.

İş elə gətirdi ki, bu yeni avadanlığın istifadəsini mənə etibar etdilər və iş yerimi Fizika İnstitutuna dəyişdilər. Bundan sonra vəfatına (1988) qədər kristalloqrafiya və rentgen quruluş analizi sahəsində Xudu müəllimin ən yaxın köməkçisi oldum. Qeyd edim ki, kiçik yaşlarımdan şəkil çəkməyi sevirəm. Çəkdiyim rəsmlər Xudu müəllimin diqqətini cəlb etmişdi. 1977-ci ildə mənə haqqında heç nə bilmədiyim fonsuz naxışlar barədə ətraflı danışaraq müəyyən tapşırıqlar verdi. Az sonra fonsuz ornamentlərin yeni nümunələrini yaradaraq müəllimimə göstərdim. Rəsmlər o zaman Xudu müəllim üçün son dərəcə gözlənilməz oldu və estetik səviyyəsi onu valeh etdi. Onun sevincini və həyacanını təsvir etməkdə çətinlik çəkirəm... Beləliklə, kristalloqrafiyada olduğu kimi, naxışlar sahəsində də ən yaxın həmkarı oldum. Bu əməkdaşlıq nəticəsində “Naxışların yaddaşı” kitabı, elmi məqalələr çap olundu, çoxsaylı yeni ornamentlər yarandı və sona qədər uğurla davam etdi. Xudu müəllimin vəfatından illər sonra “Azerbaijani Tessellations” albomum çap olundu...   

1984-cü il yanvarın son günləri idi. İmkan tapdıqca fonsuz naxışların yeni nümunələrini qurmağa çalışırdım. Son aylar isə əsasən ikiölçülü periodik quruluşlu (2D) bu ornamentlərin üçölçülü (3D) analoqlarının yaradılması məni daha çox cəlb edirdi. Gips materialını istifadə edərək belə bir sferik kompozisiyanı yenicə tamamlamışdım. Bu model 3D formatında ilk işim olsa da, çox uğurlu alınmışdı. Modeli Xudu müəllimə göstərməyin həyəcanı içində idim. Səhər saatlarında Kimya İnstitutunun laboratoriya otağına yaxınlaşdığımda o otaqdan çıxırdı. Soruşdu ki, mənimlə işin vardı? Modeli gördükdə Xudu müəllimin necə bir emosional halda olduğunu söyləmək çox çətindir. 14 illik əməkdaşlıq dövründə onun belə xoşbəxt anlarını çox görmədim. O, gedəcəyi yeri də unudaraq üç saatdan artıq müddətdə kompozisiya haqqında təriflər söyləyir, onlarla mümkün tətbiq variantlarını sadalayırdı.

Bir neçə gün sonra yanına çağırdı. Doğulduğu kənddə abadlıq işlərinin aparılmadığını söylədi, kəndlilərin toplanması üçün heç bir klub və ya park tipli yerin yaradılmadığından gileyləndi. Kənddə müəyyən abadlıq işlərinin aparılması məqsədilə vətən müharibəsində həlak olanların xatirə parkının yaradılmasını Ağdam rayonunun icra hakimiyyətinin planına saldırdığını dedi. Bu parkda qoyulacaq abidəni də fikirləşmişdi. Bu, başı aşağı çevrilmiş tülpan çiçəyi forması idi. Nakam bitmiş ömürlərin simvolu kimi - ömrü yarıda qırılmış çiçək! Daxildə əbədi məşəl yanacaqdı, xüsusən gecə vaxtı ləçəklərarası boşluqdan işığın maraqlı görüntüsünün yaranacağını düşünürdü. Amma artıq fikrini dəyişdiyini söylədi və mənim düzəltdiyim sferik formanı sadələşmiş variantda istifadə etmək istədiyini söylədi. Ardınca izah etdi ki, maketdəki sferik formanı hazırlamaq üçün texniki imkanlarımız yoxdur, onun əvəzinə ulduzlardan hazırlanmış dodekaedr forması yerləşdirəcəyik. Təxminən iki ay sonra Xudu müəllimlə birlikdə layihənin icrası üçün Ağdamın Mərzili kəndinə gəldik. Xudu müəllimin o zamanlar yeni inşa etdiyi evdə qalırdıq. Abidənin hazırlanması bütünlüklə mənə tapşırılmışdı. Köməkçim kəndin gənc sakini, qaynaqçı Əlamət, istifadə etdiyimiz xammal isə ~5mm qalınlıqlı dəmir vərəqlər idi. Xudu müəllim isə relyef mürəkkəbliyini istifadə edərək asanlıqla yunan amfiteatrları formasında toplantı yerinə dönüşdürülə biləcək məkan seçmişdi. Bu yer Ağdam şəhəri tərəfdən gəldikdə kəndin girəcəyində idi. Onun istifadə etdiyi tikinti materialları isə üzümlüklərdə yararsız hala gələrək sahələrə zərər verən üzüm dirəkləri idi. Kəndin gəncləri dəstə-dəstə gələrək fiziki köməkliklərini göstərir, yük avtomobilləri olanlar isə təmənnasız tikinti materialları gətirirdilər. Artıq 12 gündə iş əsasən yekunlaşdı və abidə yerinə bərkidildi. Bu “ay-ulduz” simvolunun sovet hakimiyyəti dövründə ucaldılmış yeganə və üçölçülü variantı idi. Belə ki, proyeksiyada abidənin yarpaq formalı dayağı “ay”, dodekaedr isə “5-lik ulduz” şəklində görünməklə “ay-ulduz” simvolunu göstərirdi. Kompozisiyanın belə mənalandırılması memarlıqda polimorfizm adlandırıla bilər. Polimorfizm kristallarda çox rast gəlinən quruluş hadisəsidir. Həmin dövrlərdə Xudu müəllim tələbələrinə bu hadisəni anlatmaq üçün dilimizdəki “xalq” sözündən istifadə edirdi. Deyirdiki “qalx” sözü də eyni hərflərdən qurulub, amma quruluş fərqi hesabına tamamilə başqa mənalı söz yaranıb. Diqqətli oxucu yəqin ki, bu sözün təsadüfi seçilmədiyini duydu, belə ki, Xudu müəllim həm də “xalq, qalx” deyirdi.  

Sovet ittifaqının mövcud olduğu 70 il ərzində SSRİ rəhbərliyinin kapitalist dünyasına, xüsusən Türkiyəyə necə düşmən münasibət bəslədiyini yaşlı nəslimiz yəqin ki, çox yaxşı xatırlayır. Kimsə türklərin və ya Türkiyənin xeyrinə söz desə cəzalanardı. Belə bir zamanda “Ay-ulduz” abidəsinin bu şəkildə ucaldılması türk qardaşlarımıza dərin sevgimizin və sovet rejiminə olan daxili etirazın nəticəsi idi. 36 il öncə Qarabağda ucaldılmış bu abidə bugünkü Qarabağ savaşında Azərbaycan-Türkiyə qardaşlığı ilə necə də səsləşir.

Təbii ki, erməni işğalında bu abidə ilk dağıdılanlardan oldu. Düşünmürəm ki, yenidən həmin abidəni bərpa etmək lazımdır. Buna ehtiyac yoxdur, çünki sovet sistemi çoxdan çökdü və daha münasibətlərimizi eyhamla deməyə gərək yoxdu. Xalqımızın Qarabağ uğrunda savaşda həlak olan qəhrəmanlarımızın xatirəsinə çoxsaylı abidələr ucaldacağı şübhəsizdir. Belə abidələrdən biri də Xudu müəllimin “Ömrü erkən bitmiş çiçək” ideyası təkmilləşdirilməklə ola bilər. Unutmayaq ki, Xudu Məmmədov həm də Qarabağ hadisələrinin ilk şəhidlərindəndir. Xudu müəllim, tanınmış macar kimyaçısı İstvan Hargittai və İmaməddin Əmiraslanın həmin illərdə Quba rayonunun Təngə dərəsində çəkilmiş xatirə şəklini də oxuculara təqdim edirik.

İmaməddin ƏMİRASLAN, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: