Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.12.2020 16:51
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda cari ildə bir sıra uğurlar əldə olunub

Zoologiya İnstitutunda cari ildə bir sıra uğurlar əldə olunub

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) rəhbərliyinin iştirakı ilə Zoologiya İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan illik hesabat iclası keçirilib.

Onlayn baş tutan iclası AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova açaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı böyük qələbəyə görə Zoologiya İnstitutunun əməkdaşlarını təbrik edib, sözü məruzə ilə çıxış etmək üçün müəssisənin direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazova verib.

Zoologiya İnstitutunun hesabatını təqdim edən Ə.Eyvazov cari ildə “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi və səmərəli istifadəsi, məlumat bazalarının yaradılması” istiqaməti üzrə 3 problem, 10 mövzuya aid 36 elmi tədqiqat işinin yerinə yetirildiyini, onlardan 9 mövzu, 34 iş və 36 mərhələnin yekunlaşdığını, nəzərdə tutulan tədqiqat işlərinin tam yerinə yetirildiyini qeyd edib. O, hesabat ilində institut əməkdaşları tərəfindən 62 məqalə, 24 tezis, 1 kitab və 1 monoqrafiyanın (xaricdə) hazırlandığını, onlardan 49 məqalə və 15 tezisin xarici jurnallarda nəşr edildiyini vurğulayıb. Bu məqalələrdən 17-sinin “Web of Science və Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən Ə.Eyvazov cari ildə institut əməkdaşlarının elmi əsərlərinə istinadların olduğunu, müəssisənin nümayəndələrinin dəfələrlə yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib.

İl ərzində əməkdaşların çoxillik tədqiqatlarının nəticəsi olaraq “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabının çapdan çıxdığını söyləyən Ələddin Eyvazov hesabat dövründə imzalanan müqavilələr, qrant layihələri, gələcək planlar və perspektivlər haqqında da ətraflı məlumat verib, pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, elmi araşdırmaların uğurla davam etdiriləcəyini vurğulayıb.

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib.

Yekunda akademiklər - İradə Hüseynova, Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - Tofiq Məmmədov, Pənah Muradovİlham Ələkbərov, biologiya elmləri doktorları - Vahid Fərzəliyev, Elşad Əhmədov, Şaiq İbrahimov, Qiyas Quliyev və digərləri müəssisənin hesabatını yüksək qiymətləndirib, öz tövsiyələrini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: